Bu gün:

Venesuelalı müxalif lider Nobel Sülh Mükafatı medalını Trampa təqdim edib


Venesuelalı müxalif lider Maria Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş zamanı Nobel Sülh Mükafatı medalını ona təqdim edib.

Donald Tramp sosial media hesabında paylaşım edərək Maçadonun bu addımını “qarşılıqlı hörmətə yönəlmiş gözəl bir jest” kimi qiymətləndirib və ona minnətdar olduğunu bildirib.

Trampla ilk dəfə üz-üzə görüşən Maçado isə “Bugünün biz venesuelalılar üçün tarixi bir gün olduğunu düşünürəm”, - deyə bildirib.

ABŞ 3 yanvar tarixində Venesuelada həyata keçirdiyi hücumlar və hərbi əməliyyatlar nəticəsində ölkənin prezidenti Nikolas Maduronu Karakasdan Nyu-Yorka aparıb.

Prezident Donald Tramp 2024-cü ildə Venesuelada keçirilmiş və mübahisəli hesab olunan seçkilərdə qələbəsini elan edən Maçadonun ölkənin yeni lideri kimi tanınmasını dəstəkləməkdən imtina edib.

Hazırda Venesuelada prezident səlahiyyətlərini sabiq vitse-prezident Delsi Rodriges müvəqqəti olaraq icra edir.

Amerikanın Associated Press agentliyinin məlumatına görə, Maçado Ağ Evdən ayrıldıqdan sonra çöldə toplaşan tərəfdarlarına ispan dilində müraciət edərək “Prezident Trampa etibar edə bilərik” deyib.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et