Bu gün:

Qəzzada ölənlərin sayı 71 minə çatıb


İsrail ordusunun Qəzza zolağına yönələn hücumları nəticəsində ölənlərin sayı artmaqda davam edib. Qəzza­dakı Fələstin Səhiyyə Nazirliyi son rəsmi statistik məlumatları açıqlayıb. Verilən məlumatlara görə, münaqişənin humanitar nəticələri bölgədə ciddi narahatlıq doğurur.

Nazirliyin bildirdiyinə görə, son 48 saat ərzində həyata keçirilən hücumlar nəticəsində 3 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 9 nəfər isə yaralanıb. Atəşkəsin qüvvəyə minməsindən sonra baş verən hücumlarda 442 nəfər həlak olub, 1236 nəfər yaralanıb. 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında həyatını itirənlərin ümumi sayı 71 min 412-yə, yaralıların sayı isə 171 min 314-ə çatıb. 

Beynəlxalq vasitəçilərin iştirakı ilə Misirdə aparılan danışıqlar nəticəsində atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşma əldə olunub. Razılaşma İsrail hökumətinin təsdiqindən sonra oktyabrın 10-da qüvvəyə minib. Lakin atəşkəsə baxmayaraq, bölgədə təhlükəsizliklə bağlı gərginlik hələ də davam edib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et