Bu gün:

Danimarka Baş naziri Trampın Qrenlandiya ilə bağlı fikirlərinə etiraz edib


Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin sabiq prezidenti Donald Trampa Qrenlandiya ilə bağlı “təhdidlərə son qoymağı” çağırıb. O bildirib ki, ABŞ-nin Danimarka Krallığına daxil olan üç ölkədən heç birini ilhaq etməyə haqqı yoxdur və Qrenlandiyanın “satılmasının” müzakirə olunması tamamilə məntiqsizdir.


Frederiksen bu fikirləri Trampın keçmiş müşaviri Stiven Millerin həyat yoldaşı Keti Millerin Qrenlandiyanı ABŞ bayrağının rənglərində göstərən xəritəni “TEZLİKLƏ” sözü ilə paylaşmasından sonra səsləndirib. Tramp isə Qrenlandiyanın strateji mövqeyi və zəngin mineral ehtiyatlarını əsas gətirərək onu ABŞ-nin bir hissəsinə çevirmə ehtimalını yenidən gündəmə gətirib.


Danimarka hökumət saytında yayımlanan açıqlamada Frederiksen Danimarkanın və Qrenlandiyanın NATO üzvü olduğunu, ABŞ ilə müdafiə sazişinin mövcudluğunu və Arktika regionunda təhlükəsizlik xərclərinin artırıldığını xatırladıb. O, ABŞ-ni tarixi müttəfiqinə qarşı təhdidlərdən çəkinməyə çağırıb.


Buna baxmayaraq, Tramp “Air Force One” təyyarəsində verdiyi açıqlamada Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğunu və Danimarkanın bu məsələni təkbaşına həll edə bilməyəcəyini deyib. ABŞ-nin Danimarkadakı səfiri isə iki ölkənin müttəfiq olduğunu xatırladaraq ərazi bütövlüyünə hörmət gözlədiklərini bildirib.


Qeyd edək ki, 57 min əhalisi olan Qrenlandiya 1979-cu ildən geniş muxtariyyətə malikdir. Müdafiə və xarici siyasət isə Danimarkanın səlahiyyətindədir. Əksər qrenlandiyalılar gələcəkdə Danimarkadan müstəqil olmaq istəsə də, ABŞ-nin tərkibinə daxil olmağa qəti şəkildə qarşı çıxırlar.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et