Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-də keçiriləcək danışıqlara hazırlıq məsələlərini müzakirə ediblər.

24media.az bildirir ki, bu barədə Volodimir Zelenski Aleksandr Stubbla telefon danışığının yekunları ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Zelenskinin sözlərinə görə, tərəflər beynəlxalq tərəfdaşlarla əlaqələr, eləcə də ABŞ-də planlaşdırılan görüş və danışıqlara hazırlıq prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. O qeyd edib ki, Ukrayna və ABŞ-nin danışıqlar qrupları artıq mühüm irəliləyiş əldə ediblər.
Məlumata əsasən, zəruri təhlükəsizlik təminatları, Ukraynanın bərpası və iqtisadi inkişaf planı, həmçinin 20 bənddən ibarət çərçivə sənədi üzərində iş davam etdirilir və bu istiqamətlərdə müsbət irəliləyiş var.
Prezidentlər iş prosesinin yüksək intensivliyinin həlledici əhəmiyyət daşıdığını vurğulayaraq, vaxt itkisinin yolverilməz olduğu barədə razılığa gəliblər.
Zelenski bildirib ki, bir çox ölkələr bayramlara hazırlaşdığı bir vaxtda Ukrayna həyatları qorumaq və diplomatik həll yolları tapmaq üçün tam gücü ilə çalışır.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın dekabrın 28-də Floridada görüşü planlaşdırılır.
Talehə Hüseynzadə
