Azərbaycan təkcə qədim tarixi, zəngin mədəniyyəti və rəngarəng təbiəti ilə deyil, eyni zamanda elmi irsi ilə də seçilən ölkələrdən biridir. Bu elmi irsin ən mühüm mərkəzlərindən biri Şamaxı Astrofizika Rəsədxanasıdır. Böyük Qafqaz dağlarının ətəyində, təmiz hava və minimal işıq çirklənməsi şəraitində yerləşən bu rəsədxana həm elm adamları, həm də elm turizminə maraq göstərən xarici və yerli turistlər üçün xüsusi əhəmiyyət daşıyır.

Tarix və yaranma məqsədi
Şamaxı Astrofizika Rəsədxanasının əsası 17 noyabr 1959-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin 975 saylı qərarı ilə qoyulub. Rəsədxananın yaradılması görkəmli alim Yusif Məmmədəliyevin təşəbbüsü ilə həyata keçirilib. Əslində isə bu yol daha erkən – 1927-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində astroiqlimin öyrənilməsi məqsədilə aparılan elmi ekspedisiyalarla başlayıb. Uzun araşdırmalardan sonra ən əlverişli ərazi kimi Şamaxı rayonunun Pirqulu zonası seçilib.
Rəsədxana Bakıdan təxminən 150 kilometr məsafədə, dəniz səviyyəsindən 1435–1500 metr yüksəklikdə yerləşir. Burada il ərzində 150–180 aydın gecə qeydə alınır ki, bu da astronomik müşahidələr üçün ideal şərait deməkdir. Rəsədxananın yaradılmasında əsas məqsəd astronomiya və astrofizika sahəsində fundamental tədqiqatların aparılması, kosmik proseslərin öyrənilməsi və bu sahədə milli elmi kadrların yetişdirilməsi olub.

Sovet dövründə regionun ən qabaqcıl elmi mərkəzlərindən biri hesab edilən rəsədxana bu gün də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində fəaliyyətini davam etdirir və beynəlxalq elmi əməkdaşlıqlarda iştirak edir.
1981-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanasına Azərbaycanın dahi astronomu Nəsirəddin Tusinin adı verilib.
Teleskoplar və elmi nailiyyətlər
Şamaxı Astrofizika Rəsədxanası Cənubi Qafqazın ən güclü texniki bazalarından birinə malikdir. Burada müxtəlif illərdə Günəş teleskopları, AZT-8, Zeiss-600 kimi mühüm avadanlıqlar quraşdırılıb. Xüsusilə 1966-cı ildə istifadəyə verilən güzgüsünün diametri 2 metr olan reflektor teleskop rəsədxananın simvoluna çevrilib. Almaniyanın “Carl Zeiss” şirkəti tərəfindən istehsal olunan bu teleskop vaxtilə keçmiş SSRİ məkanında ən iri optik qurğulardan biri sayılıb.
Rəsədxanada Günəş fizikası, ulduzların təkamülü, qalaktikalar, kosmik şüalar və astrofiziki proseslər üzrə fundamental tədqiqatlar aparılır. Alınan elmi nəticələr beynəlxalq jurnallarda dərc olunur və Azərbaycan astronomiyasını dünya elmi ictimaiyyətində tanıdır.
Müasir dövr və yenidənqurma
2009–2013-cü illərdə Prezident İlham Əliyevin sərəncamları ilə rəsədxanada genişmiqyaslı yenidənqurma işləri aparılıb. İnzibati binalar, teleskoplar əsaslı təmir edilib, astronomlar üçün yaşayış binaları, sosial obyektlər istifadəyə verilib. Eyni zamanda rəsədxananın Bakı Şəhər Bölməsi fəaliyyət göstərir ki, burada nəzəri tədqiqatlar, elmi seminarlar və dissertasiya müdafiələri keçirilir.
Azərbaycanın elmi imicinə töhfə
Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın beynəlxalq elmi imicinin formalaşmasında mühüm rol oynayır. Burada aparılan tədqiqatlar dünya astronomiya ictimaiyyətində maraq doğurur və Azərbaycanı elmi xəritədə görünən edən faktorlardan biridir.

Bu rəsədxana eyni zamanda gənclər üçün ilham mənbəyidir – elmə marağın artması, texnologiya və kosmos sahəsində düşünən yeni nəslin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.
Şamaxı: Elm, təbiət və tarixin kəsişməsi
Rəsədxanaya səfər edən turistlər eyni zamanda Şamaxının zəngin mədəni irsi ilə də tanış ola bilirlər. Qədim məscidlər, tarixi abidələr, üzüm bağları və dağ mənzərələri bu səfəri daha da yaddaqalan edir. Beləliklə, Şamaxı Astrofizika Rəsədxanası elm və turizmi birləşdirən unikal məkana çevrilir.
Şamaxı Astrofizika Rəsədxanası Azərbaycanın elmi düşüncəsinin, kosmosa açılan pəncərəsinin və intellektual potensialının simvoludur. Buraya səfər edən turistlər yalnız ulduzlara deyil, Azərbaycanın elmə verdiyi dəyərə də yaxından baxmaq imkanı əldə edirlər. Bu rəsədxana sübut edir ki, Azərbaycan keçmişi ilə yanaşı, gələcəyə – elmin və biliklərin işığına doğru inamla addımlayan ölkədir.
Hazırladı: Aysu Əsgərzadə, Səid Quliyev
