Bu gün:

15 dekabr-Çay Günü


Hər il dekabrın 15-də çay istehsalında aparıcı statusa sahib olan ölkələrdə Çay Günü qeyd olunur. Yer üzündə ən qədim və faydalı içkilərdən biri hesab edilən çaya həsr edilən bu gün BMT tərəfindən 2019-cu ildə təsis olunmuş və hər il mayın 21-də qeyd edilən Beynəlxalq Çay Günü ilə qarışdırılmamalıdır.24media.az xəbər verir ki, Çay Gününün əsas məqsədi hökumətlərin və ictimaiyyətin diqqətini çay ticarəti sahəsində mövcud problemlərə yönəltmək, çay satışı ilə çay sənayesində çalışan işçilərin, kiçik istehsalçıların və istehlakçıların sosial-iqtisadi vəziyyəti arasındakı əlaqəni ön plana çıxarmaq, eyni zamanda bu içkinin daha geniş şəkildə tanıdılmasına töhfə verməkdir.

Çay Gününün məhz dekabrın 15-də qeyd olunması qərarı 2004-cü ildə Hindistanın Mumbay şəhərində, 2005-ci ildə isə Braziliyanın Porto Aleqri şəhərində keçirilən Dünya İctimai Forumu çərçivəsində beynəlxalq təşkilatlar və həmkarlar ittifaqları tərəfindən aparılan uzunmüddətli müzakirələrdən sonra qəbul edilib. Bu tarix təsadüfi seçilməyib-1773-cü ilin məhz həmin günündə çay sənayesi işçilərinin hüquqlarına dair Dünya Bəyannaməsi qəbul olunub.

Çay Günü əsasən çay istehsalının iqtisadiyyatın mühüm hissəsini təşkil etdiyi ölkələrdə qeyd edilir. Bu ölkələr sırasına Hindistan, Şri-Lanka, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniya daxildir.

Ümumdünya Ticarət Təşkilatının həyata keçirdiyi beynəlxalq ticarət siyasəti istehsalçı ölkələrin bazarlarını açmağı nəzərdə tutur. Bununla yanaşı, çay qiymətlərinin formalaşmasında şəffaflığın olmaması və əmtəə kimi çayın dəyərinin qlobal miqyasda davamlı şəkildə azalması müşahidə olunur.

Çay sənayesində istehsalın həddindən artıq artması qeydə alınsa da, əsas gəlirlərin qlobal brendlərin nəzarətində olması bu prosesi müəyyən qədər tənzimləyir. Böyük dünya brendləri çayı minimal qiymətlərlə əldə edə bilir, nəticədə isə sənayedə genişmiqyaslı struktur dəyişiklikləri baş verir. Bu proses çay plantasiyalarının parçalanması və brendlərin konsolidasiyası ilə müşayiət olunur.

Tarixi mənbələrə görə, çay içki kimi eramızdan əvvəl 2737-ci ildə Çinin ikinci imperatoru Şen Nunq tərəfindən kəşf edilib. Rəvayətə əsasən, imperator təsadüfən çay yarpaqlarını isti suya salaraq bu içkinin dadını kəşf edib. Təxminən 5 min il əvvəl dadılan həmin çayın bu gün də eyni formada içildiyini təsəvvür etmək maraqlıdır.

Eramızın IV–VI əsrlərində Çində çaya müalicəvi içki kimi maraq artıb və bu da çayçılığın inkişafına təkan verib. Çay Avropada XVII əsrin birinci yarısında tanınmağa başlayıb. Müasir çay tarixinin ən məşhur hadisələrindən biri isə 1773-cü il dekabrın 16-da baş vermiş “Boston çay ziyafəti”dir. Həmin vaxt Amerika kolonistləri Böyük Britaniyanın tətbiq etdiyi çay vergisinə etiraz olaraq çay yüklərini Boston limanına atıblar.

Azərbaycanda çay sadəcə ən çox istehlak olunan içkilərdən biri deyil, eyni zamanda milli həyat tərzinin ayrılmaz hissəsidir. Harada qonaq olmağınızdan asılı olmayaraq, ev sahibləri qonaqlar üçün mütləq çay süfrəsi açırlar.

Çayın təqdim olunma qaydası da Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Ənənəyə görə, çay armudu stəkanda təqdim edilir. Çay dəmləmə və qaynatma üsulu onun dadında mühüm rol oynayır. Xüsusilə samovarda hazırlanan çayın özünəməxsus dadı digər üsullardan fərqlənir.

Milli çay süfrəsi yerli şirniyyatsız təsəvvür edilmir. Müxtəlif növ mürəbbələr, paxlava, şəkərbura, badambura, kəta, qoğal, rahat-lokum, quru meyvələr süfrənin əsas bəzəyidir. Kəllə qənd, rəngli noğul və limon dilimləri isə çay süfrəsinin ayrılmaz elementləridir.

Azərbaycanda çay əsasən cənub bölgəsində, Talış dağları ətrafındakı plantasiyalarda yetişdirilir. Çay ölkənin hər yerində içilir və hər bir azərbaycanlı üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Demək olar ki, ölkənin bütün bölgələrində çay evlərinə və ya yerli dildə desək, “çayxana”lara rast gəlmək mümkündür.


Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et