Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, 24media.az xəbər verir ki, oktyabrın 6-da Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov Quba rayonuna səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.
Səfərin əvvəlində Firudin Qurbanov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Daha sonra nazir müavini Quba şəhəri Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbdə olub, pedaqoji kollektiv və şagirdlərlə görüşüb. O, tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.
Səfər proqramı çərçivəsində Firudin Qurbanov Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində də olub. Nazir müavini mərkəzdə yaradılmış şərait, uşaqların yaradıcılıq və inkişaf potensialının dəstəklənməsi üçün formalaşdırılmış imkanlarla maraqlanıb.
Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması, müəllim fəaliyyətində məsuliyyətin yüksəldilməsi, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması məsələləri müzakirə olunub. Görüşdə həmçinin müəllimlərin təklif və rəyləri dinlənilib.
Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər sosial məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Rəna Qarayeva