Bu gün:

Balinalar suyun altında necə yatır?


Okeanın nəhəng canlıları olan balinalar insanlar kimi yatmağa ehtiyac duyur. Lakin dənizin ortasında yaşayan bir canlının boğulmadan yatması ilk baxışda mümkünsüz görünür. Çünki insanlar istər-istəməz avtomatik şəkildə nəfəs alır, balinalar isə hər nəfəsi şüurlu şəkildə qəbul etməlidirlər. Onlar tam yatan vəziyyətdə olsalar, beyin nəfəs almanı “xatırlada” bilməz. Məhz buna görə balinaların yuxu sistemi insanlardan tamamilə fərqlidir.

Balinaların nəfəs almağı unutmaması üçün beyninin oyaq qalması vacibdir. Bunun təbii mexanizmi isə “unihemisferik yuxu” adlanır. Bu proses zamanı beynin yalnız bir yarımkürəsi yatır, digər yarısı isə aktiv qalır. Nəticədə balina həm istirahət edir, həm də nəfəs almağı davam etdirir.

Bu sayədə balina həm suyun səthinə qalxaraq nəfəs ala bilir, həm də ətraf mühitdəki təhlükələri izləmək imkanını itirmir. Tədqiqatçılar bu xüsusiyyətin yunuslarda da müşahidə edildiyini bildirirlər. Yəni okean məməlilərinin əksəriyyəti sağ qala bilmək üçün beynini bu şəkildə “iki yerə bölərək” yuxuya uyğunlaşdırır.

Yuxu zamanı balina suyun səthində hərəkətsiz vəziyyətdə dayanır və kənardan baxıldıqda sanki su üzərində dayanan bir kötüyü xatırladır. Alimlər bu istirahət formasını “logging” adlandırır.

“Logging” əsasən gündüz saatlarında müşahidə olunur və gündüz yuxusu kimi xarakterizə edilir. Balina balaları isə adətən analarının yanında yatırlar. Ana balinanın yavaş hərəkəti, balanın həm təhlükəsizliyini, həm də istirahətini təmin edir. Böyük qruplarda isə balinaların sinxron şəkildə birlikdə yatdığı hallara da rast gəlinib.

Balinalar üçün yuxu uzunmüddətli proses deyil, daha çox qısa fasilələrlə baş verən istirahət formasıdır. Bir çox növ bir neçə saatlıq intervallarla dincəlir. Məsələn, tədqiqatlara görə ispermeçet balinaları günün cəmi 7 faizini yuxuda keçirir. Onların yuxusu adətən 10–15 dəqiqəlik qısa “mürgüləmələrdən” ibarət olur. Bu isə onları Yer üzərində ən az yuxu alan canlı növlərindən birinə çevirir.

Növlər arasında fərqlər olsa da əsas prinsip dəyişmir: balinalar yatarkən tam olaraq nəzarəti itirmir. Beynin bir hissəsi daim aktiv qalır, çünki okeanda sağ qalmağın ən vacib şərti məhz budur.

Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et