“Ohio Dövlət Universitetinin” mühəndisləri Marsa daha qısa müddətdə insanlı missiyalar həyata keçirməyə imkan verəcək yeni nüvə raketi konsepsiyası hazırlayıb. Bu sistem raket yanacağını birbaşa maye uranla qızdıraraq adi mühərriklərdən qat-qat yüksək səmərəlilik yaradır. Alimlər hesab edir ki, texnologiya Marsa səyahət müddətini bir ildən altı aya endirə bilər.

Ənənəvi nüvə termal mühərriklərdə maye yanacaq nüvə reaktorunun köməyi ilə yüksək temperaturda qızdırılır, qaz halına keçir və raketin buraxılış hissəsindən çıxaraq hərəkət gücü yaradır. Yeni “mərkəzdənqaçma nüvə termal raketi” (CNTR) isə fərqli yanaşma təqdim edir: yanacaq birbaşa maye uranla qızdırılır.
Bu üsul mühərrikə həm kimyəvi raketlərdən, həm də əvvəlki nüvə mühərriklərindən daha güclü performans əldə etməyə şərait yaradır. Alimlərin sözlərinə görə, bu texnologiya kosmik gəmilərin daha az yanacaq sərf etməklə uzun məsafələr qət etməsinə imkan verəcək.
Kosmosda yanacaq təminatı
CNTR mühərrikinin başqa üstünlüyü müxtəlif yanacaq növlərini istifadə etmək imkanına malik olmasıdır. Tədqiqatçılar deyir ki, sistem ammonyak, metan, hidrazin və ya propanla da işləyə bilər. Bu xüsusiyyət gələcək kosmik gəmilərin asteroidlərdən və digər göy cisimlərindən yanacaq götürməsini mümkün edə bilər. Belə imkan uzunmüddətli kosmik missiyalar üçün mühüm əhəmiyyət daşıyır.
İnkişaf mərhələsindədir
Perspektiv vəd etsə də, CNTR texnologiyası hələ tam hazır deyil. Mühəndislər hazırda mühərrikin işə salınması, dayandırılması və idarəsi zamanı yarana biləcək problemləri aradan qaldırmağa çalışır. Onlar eyni zamanda maye uranın itkisini minimum səviyyəyə endirmək üzərində işləyirlər.
Kosmos səyahətinin gələcəyi üçün böyük addım
NASA və özəl sektor tərəfdaşları yaxın illərdə Ayda və Marsda daimi insan mövcudluğu yaratmağı hədəfləyir. Bu məqsədə çatmaq üçün isə daha sürətli və səmərəli mühərriklər lazımdır. CNTR nüvə raketi konsepsiyası bu sahədə ən güclü namizədlərdən biri hesab olunur. Əgər uğurlu olsa, bəşəriyyətin Marsa səyahəti indiyə qədərkindən qat-qat tez mümkün olacaq.
Tərcümə etdi: Səidə Əsədli
Mənbə: Fikrimucit
