Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına istinadən 24media.az bildirir ki, Sentyabrın 8-də paytaxtda Süni İntellekt Akademiyasının (AI Academy) rəsmi açılış mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Naziri Emin Əmrullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev və digər qonaqlar iştirak ediblər.

[spoiler]Mərasimdə akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair hədəflər təqdim olunub. İştirakçılar yaradılan mühitlə tanış olub, tələbələrlə görüşərək onların gözləntiləri və gələcək planları barədə müzakirələr aparıblar.
AZCON Holding-in dəstəyi ilə fəaliyyət göstərəcək AI Academy “Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində yaradılıb. Məqsəd – süni intellekt üzrə mütəxəssis hazırlığı, rəqəmsal transformasiyanın sürətləndirilməsi və Azərbaycanın regionda bu sahədə aparıcı mərkəzə çevrilməsidir.
Akademiyanın proqramları beynəlxalq standartlara uyğun hazırlanıb, tədris heyəti isə süni intellekt və müasir texnologiyalar üzrə təcrübəli mütəxəssislərdən ibarətdir. Eyni zamanda MIT, Harvard, Stanford, Kaliforniya Universiteti və Karnegi Mellon kimi nüfuzlu ali məktəblərlə əməkdaşlıq qurulub, onların professorlarının Bakıda qonaq mühazirələr oxuyacağı planlaşdırılır.
Akademiyanın fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələr xüsusi yer tutur. Burada təhsil alan gənclər startap ideyaları üzərində işləyəcək, tətbiqi layihələrdə iştirak edəcək və beynəlxalq təcrübədən faydalanacaqlar.
Tədbir zamanı süni intellekt üzrə geniş dil modeli prototipi də təqdim edilib. 10 milyard token və 1,2 milyon sintetik məlumat əsasında hazırlanmış bu model Azərbaycanın süni intellekt sahəsində milli potensialını nümayiş etdirən mühüm addım kimi qiymətləndirilib.
Akademiyada bütün proqramlar tam təqaüdlü əsaslarla həyata keçirilir. Qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy”nin rəsmi saytında və sosial media hesablarında açıqlanacaq.
Rəna Qarayeva
