2024–2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Rəsmi statistikaya görə, bu il ölkə üzrə 59 026 nəfər bakalavriat, 14 104 nəfər magistratura, 982 nəfər isə doktorantura və dissertantura pilləsinə qəbul olunub.

Ən çox diqqət çəkən məqam texniki və innovasiya yönümlü ixtisaslarda müşahidə olunan artımdır. Belə ki, bakalavriatda 13 523, magistraturada isə 3 267 nəfər məhz texniki və texnoloji sahələr üzrə qəbul imtahanını uğurla keçib. Ümumilikdə, bu istiqamətdə təhsil alacaq tələbələrin sayı 16 790 nəfər təşkil edir.
Eyni zamanda, təhsil keyfiyyətini yüksəltməyi hədəfləyən SABAH qruplarına da qəbul rəqəmləri açıqlanıb. Proqram çərçivəsində 895 bakalavr və 512 magistr olmaqla ümumilikdə 1 407 nəfər yeni tədris ilində təhsilini davam etdirəcək.
Qəbul göstəriciləri ölkənin təhsil siyasətində prioritet istiqamətlərin – xüsusən də texnologiya və innovasiyaya əsaslanan ixtisasların – getdikcə daha çox ön plana çıxdığını göstərir. Bu, həmçinin yaxın illərdə əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına zəmin yaradır.
Hazırladı: Gülay Bədirli
