Bu gün:

“Həsrətdən Zəfərə”


Şuşa... Bu adı hər dəfə eşidəndə qəlbimdə qəribə bir titrəmə olurdu. Çünki bu şəhər uzun illər həsrətində olduğumuz, yaddaşımızda həm gözəlliyi, həm də işğalın acısı ilə yaşayan bir şəhərdir. Mən də minlərlə Azərbaycanlı kimi bir gün o torpağa ayaq basacağım günü gözləyirdim.

2020-ci ilin Zəfər günlərində “Şuşanın azad olunma” xəbəri  yayılanda sevincimin həddi-hüdudu yox idi. Həmin gün Ali Baş Komandamız, Cənab Prezident İlham Əliyev “Əziz Şuşa, sən azadsan” sözləri ilə xalqa müraciət edəndə elə bil illərlə sinəmizə yığılmış daş birdən-birə götürüldü. O gündən bəri mənim ən böyük arzularımdan biri “Azad Şuşanı” görmək idi. Və bu gün qürurla deyə bilərəm ki, o arzum gerçəkləşdi.

Şuşaya yol alarkən qəlbimdə böyük bir həyəcan vardı. Şəhərə daxil olarkən bizi ilk “Möhtəşəm Şuşa qalası” qarşıladı.


Sanki tarixin özü ayaq üstə dayanmışdı. Bu daşların hər birində qürur və qəhrəmanlıq hekayəsi danışır, kölgəsində zəfərin izləri görünürdü. Qalanın içərisinə daxil olarkən “Gəncə qapısının” möhtəşəmliyi diqqəti dərhal cəlb edir. Bu qapının hər daşında illərin həsrəti və zəfərin ətri var. Qarşısında dayananda isə insanın qəlbi fəxr hissi ilə dolur.

Sonrakı dayanacağım “Cıdır düzü” oldu. Qarşıma açılan möhtəşəm mənzərə insanın nəfəsini kəsir. Sanki bu torpaq özü insana azadlığın səsini çatdırır.  Sonra “Yuxarı Gövhər Ağa məscidinə” üz tutdum. İllərlə susqun qalsa da, bu gün yenidən “Azan səsi” ətrafa yayılır. Minarələrindən səslənən hər nida sanki bütün Qarabağa “Şuşa azaddır!” deyə car çəkir.

Şuşaya gəlib, “İsa bulağına” baş çəkməmək insan üçün günah olardı. O bulaq ki, suyundan içən hər kəs sanki “Şuşanın nəfəsini, azadlığını”  duyurdu. Onun şəffaf damcıları bu torpağın saflığını, müqəddəsliyini xatırladır. Hər qurtumunda həm möcüzə, həm də tarix gizlənir. Bulağın başına qoyulan “Şəhidlərimizin şəkilləri” insana bir daha xatırladırdı ki, bu anları onların sayəsində yaşayırıq. 

Şuşanın küçələrində addımlayanda isə hər daşda həm ağrı, həm də zəfərin izi vardı. Bütün bunları görmək, bu hissləri yaşamaq yalnız bir səbəbin “İgid Şəhidlərimizin qəhrəmanlığının” nəticəsidir. Onlar canlarını fəda etməsə idilər, biz bu gün Şuşada azad nəfəs ala bilməzdik. Səfər boyunca hər addımımda onların ruhunu hiss etdim. 

Elə anlar var ki, o anların sevinci o qədər böyük, qüruru elə dərin olur ki, onu sözlə ifadə etmək çətin olur. İndi daha yaxşı anlayıram, niyə dillərdəsən, Əziz Şuşa! İnsan duyğularının bir-birinə qarışdığı möcüzəvi Şuşa! Təbiətin öz sehri ilə bəzədiyi əsrarəngiz Şuşa! Azərbaycan tarixinin, mədəniyyətinin əbədi rəmzi – Şuşa! Hər daşında bir xatirə, hər nəfəsində bir tarix gizlənən müqəddəs Şuşa!

Bu səfər mənim üçün sadəcə bir yolçuluq deyil, həm də “vətən sevgisini”,  “azadlığın qiymətini”, “şəhidlərimizin qəhrəmanlığını”  bir daha anlamaq üçün böyük bir dərs oldu. İllərin həsrətini bitirən, qürurumu zirvəyə qaldıran bu səfər yaddaşımda ömürlük qalacaq.

Bu yazını Şəhid Kinyaz Orucovun timsalında Şuşa uğrunda canından keçən bütün şəhidlərimizə ithaf edirəm.

Nuray Əliyeva

Paylaş
Şərh əlavə et