Qəzza şəhərindəki Əl-Şifa xəstəxanasının yaxınlığında İsrailin hava zərbəsi nəticəsində “Al Jazeera” telekanalının beş əməkdaşı həlak olub. Ölənlər arasında müxbirlər Anas əl-Şərif və Məhəmməd Qreyqeh, operatorlar İbrahim Zaher, Məhəmməd Noufal və Moamen Əliwa var.

Hadisə zamanı onlar xəstəxananın əsas darvazası qarşısında jurnalistlər üçün qurulmuş çadırda olublar. “Al Jazeera” hücumu “hədəfli qətl” və “mətbuat azadlığına qarşı açıq hücum” adlandırıb.
İsrail Müdafiə Qüvvələri Anas əl-Şərifin “HƏMAS-ın silahlı dəstəsinin rəhbəri” olduğunu iddia etsə də, digər jurnalistlər barədə açıqlama verməyib. Kanalın məlumatına görə, ümumilikdə yeddi nəfər həyatını itirib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına əsasən, 2023-cü ilin oktyabrından bəri Qəzzada azı 186 jurnalist öldürülüb. Hazırda bölgədə qalan media əməkdaşları həm hava hücumları, həm də aclıq təhlükəsi ilə üzləşirlər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
