Böyük Britaniyada sürücülük imtahanlarında iştirak edənlərin stressini azaltmaq və xüsusən qadın namizədlərin uğur faizini artırmaq üçün imtahançılara “formal” və ya “söhbətcil” üslubda davranmaq seçiminin verilməsi təklif olunub. Nəqliyyat tədqiqat qrupu TRL-in Driver and Vehicle Standards Agency (DVSA) üçün hazırladığı hesabatda qeyd olunur ki, qadın namizədlər imtahançının davranışına daha çox həssas yanaşır və bu, özlərini necə göstərdikləri barədə əlavə narahatlıq yarada bilər.
2007-ci ildən bəri məlumatlar göstərir ki, kişilərin illik keçmə göstəricisi 47–55% arasında dəyişir, qadınlarda isə bu rəqəm 41–48% arasında qalır. Araşdırma həmçinin imtahançının heç bir xoş söz deməməsinin bəzi iştirakçılarda qorxu və gərginlik yaratdığını üzə çıxarıb. Bununla belə, çox söhbətcil yanaşmanın da diqqəti yayındıra biləcəyi vurğulanır.
Tövsiyələrə görə, imtahanın əvvəlində namizəddən hansı üslubun — “formal” yoxsa “söhbətcil” — onun üçün daha rahat olduğunu soruşmaq imtahan prosesini daha ədalətli və rahat edə bilər. AA Driving School-un rəhbəri Emma Bush isə imtahançıların eyni anda həm “serjant”, həm də “komediyaçı” rolunda olmalarının real olmadığını, amma ədalətli, peşəkar və sakitləşdirici yanaşmanın hər kəsin istəyi olduğunu bildirib.
Hesabatda imtahançının cinsiyyətinin nəticələrə birbaşa təsir göstərmədiyi, lakin qadın namizədlərin nəzəri imtahanda kişilərdən daha yüksək nəticə göstərdikləri də qeyd olunub ki, bu da onların daha çox hazırlaşması ilə izah olunur.
Mənbə: The Guardian
Tərcümə etdi: Rəna Qarayeva
