Avropalı liderlər bildiriblər ki, Rusiya ilə aparılacaq istənilən sülh danışıqlarına mütləq Kiyev də daxil edilməlidir.

Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Polşa, Finlandiya və Avropa Komissiyasının rəhbərlərinin birgə bəyanatında “Ukraynada sülhə gedən yol Ukraynasız müəyyən edilə bilməz” ifadəsi yer alıb.
Açıqlama ABŞ Prezidenti Donald Trampın 15 avqustda Alyaskada Rusiya lideri Vladimir Putinlə görüş planının açıqlanmasından sonra verilib. Ağ Ev Trampın həm Putin, həm də Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu bildirsə də, hələlik yalnız ikitərəfli görüş nəzərdə tutulur.
Prezident Volodimir Zelenski Kiyevsiz əldə ediləcək hər hansı razılaşmanı “ölü qərarlar” adlandıraraq Rusiyaya ərazi güzəştinə qarşı çıxıb.
CBS-in məlumatına görə, Ağ Ev Avropa müttəfiqlərini Donbas və Krımın Rusiyada qalacağı razılaşmanı qəbul etməyə razı salmağa çalışır. Avropa liderləri isə beynəlxalq sərhədlərin zorla dəyişdirilə bilməyəcəyini vurğulayaraq Ukraynaya dəstəyin davam etdiriləcəyini bəyan ediblər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
