Portuqaliya Konstitusiya Məhkəməsi, Luís Montenegro-nun mühafizəkar hökuməti və ifrat sağçı Chega partiyasının təşəbbüsü ilə irəli sürülmüş miqrasiya islahatının bir neçə maddəsini Konstitusiyaya zidd elan edib.

2025-ci ilin iyulunda qəbul edilmiş bu islahat, miqrantların ailə birləşməsi üçün müraciət edə bilməsi üçün ölkədə qanuni olaraq ən az iki il yaşamaq şərtini nəzərdə tuturdu. Məhkəmə bu tədbirin Portuqaliya Konstitusiyasında təminat altına alınmış ailə birliyi hüququnu pozduğuna qərar verib.
Konstitusiya Məhkəməsinin qərarından sonra Prezident Marcelo Rebelo de Sousa islahatı parlamentə geri göndərib və bu məhdudiyyətlərin proporsional olmadığını, həmçinin ailə üzvlərinin qanunsuz miqrasiyasını artıra biləcəyini, peşə ixtisaslarına görə bərabərsizlik yarada biləcəyini bildirib.
İslahat həmçinin yüksək ixtisaslı işçilər üçün viza prosedurlarını asanlaşdırmağı və lusofon (portuqal dilində danışan) ölkə vətəndaşları üçün bəzi şərtləri dəyişməyi nəzərdə tutub.
Sol partiyalar məhkəmənin qərarını, mövcud hökumətin insanlıq əleyhinə siyasətlərinə qarşı humanist dəyərlərin qələbəsi kimi qiymətləndiriblər. Portuqaliya Sosialist Partiyası (PS) Baş katibi José Luis Carneiro, bu qərarı hökumət üçün siyasi məğlubiyyət kimi dəyərləndirib və hökumətin Chega ilə ittifaqını tənqid edib.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
