İsrail Təhlükəsizlik Kabineti Qəzza şəhərinə nəzarəti ələ keçirmə planını təsdiqləyib. Baş nazir Benjamin Netanyahunun ofisi beş maddəlik planın Həmas-ı məğlub etmək və müharibəni yekunlaşdırmaq məqsədi daşıdığını açıqlayıb.

Plan Həmas-ın silahsızlaşdırılması, girovların qaytarılması, Qəzza zolağının hərbsizləşdirilməsi, təhlükəsizlik nəzarətinin İsrailə keçməsi və “Həmas və Fələstin Muxtariyyəti olmayan” alternativ idarəetmə yaradılmasını nəzərdə tutur.
İsrail mediasına görə, ilk mərhələdə şəhərə tam nəzarət ələ keçiriləcək, bir milyon sakin cənuba köçürüləcək, mərkəzi Qəzzadakı qaçqın düşərgələri və girovların saxlanıldığı ərazilər nəzarət altına alınacaq. Bir neçə həftə sonra ikinci hücum mərhələsi başlayacaq, humanitar yardımlar artırılacaq.
BMT, Böyük Britaniya, Fransa, Kanada, Almaniya və digər ölkələr planı pisləyib. Almaniya hərbi ixracı dayandırıb. Həmas planı “yeni müharibə cinayəti” adlandırıb.
BMT-nin insan haqları üzrə ali komissarı Volker Turk daha çox ölüm, kütləvi köçürülmə və dağıntı riski barədə xəbərdarlıq edib. Türkiyə, Çin, Avstraliya və digər ölkələr İsraili bu addımdan çəkindirməyə çağırıb. Netanyahu isə Almaniyanın qərarını “Həmas terrorizmini mükafatlandırmaq” kimi qiymətləndirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
