Los-Ancelesin şimal-qərbində sürətlə yayılan meşə yanğını minlərlə insanın məcburi təxliyəsinə səbəb olub. Qızmar hava və quraq şərait alovun daha da böyüməsinə şərait yaradır.

Canyon Fire (“Kanyon Yanğını”) adlanan alov cümə axşamı Ventura və Los-Anceles qraflıqlarının sərhədində başlayıb. Cümə səhərinə qədər yanğın sahəsi 30 akrdan təxminən 5000 akra çatıb.
Ventura Qraflığı Yanğınsöndürmə Xidmətinin məlumatına görə, 2700-dən çox sakin dərhal təxliyə olunub, əlavə olaraq 14000 nəfərə xəbərdarlıq edilib.
Rəsmi şəxslər yanğının hələ də tam nəzarətdən kənarda olduğunu, yəni “0% söndürülüb” vəziyyətində qaldığını bildiriblər. İsti hava və quraqlıq yanğınsöndürmə işlərini çətinləşdirir. Milli Hava Xidmətinin proqnozuna görə, yaxın günlərdə temperatur 37,7°C-yə qədər qalxacaq.
Yanğına ən yaxın şəhərlərdən biri olan Santa Klarita yüksək hazırlıq vəziyyətinə gətirilib. Şəhər rəhbərliyi sakinlərə yanğın bölgəsinə yaxınlaşmamağı tövsiyə edib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
