HƏMAS-ın nəzarətində olan mülki müdafiə agentliyinin məlumatına görə, Mərkəzi Qəzzada dörd yük maşınının izdihamın üzərinə aşması nəticəsində 20 nəfər həlak olub, 30-dan çox insan xəsarət alıb.
Hadisə çərşənbə axşamı axşam saatlarında Deyr əl-Bəlah şəhərinin cənub-şərqində baş verib. Yerli jurnalistlərin BBC-yə verdiyi məlumata görə, insanlar yolda hərəkət edən yük maşınlarına doğru axışıb, onların üzərinə çıxıblar. Bu isə sürücülərin idarəetməni itirməsinə səbəb olub.
Mülki müdafiə agentliyinin sözçüsü Mahmud Basal bildirib ki, hadisə İsrail ordusunun nəzarətində olan ərazidə baş verib və həmin yollar təhlükəli və çətin keçilən olub.
Hazırda Qəzzada fəaliyyət göstərən özəl nəqliyyat assosiasiyası bildirib ki, çərşənbə axşamı əraziyə ümumilikdə 26 kommersiya yük maşını daxil olub. Onlardan altısı qarət edilib, 4-ü isə aşıb. Nəticədə ölən və yaralananlar olub.
İsrail Qəzzaya daxil olan humanitar yardımın həcmini artırmaq və BMT-yə olan asılılığı azaltmaq məqsədilə bölgəyə özəl sektor vasitəsilə məhsulların mərhələli şəkildə buraxılacağını açıqlayıb.
Təsdiqlənmiş yardımlara uşaq qidaları, meyvə-tərəvəz, gigiyena vasitələri və əsas ərzaq məhsulları daxildir.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
