Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının (YT Park) daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə operatorun seçilməsi üçün müsabiqə elan edib.
24media.az Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, YT Park Prezidentin 8 noyabr 2016-cı il tarixli, 2425 nömrəli Sərəncamı ilə yaradılıb və əsas məqsədi ölkə iqtisadiyyatının davamlı inkişafına, rəqabət qabiliyyətinin artırılmasına, innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə dövlət dəstəyini gücləndirməkdir. Park, texnologiya transferi, startaplara dəstək, inkubasiya və akselerasiya mərkəzlərinin təşkili, elmi tədqiqatların kommersiyalaşdırılması və rezidentlərin fəaliyyətinə şərait yaratmaq kimi funksiyalar yerinə yetirir.
Müsabiqədə iştirak üçün hüquqi şəxslərdən 1 milyon manat məbləğində nizamnamə kapitalına malik olmaları, müqavilə bağlamaq hüququna sahib olmaları və müflis elan edilməmiş olmaları tələb olunur. Qalib operatorun əsas vəzifələri YT Parkın infrastrukturunun yaradılması, texnologiya transferi mərkəzinin təşkili, rezident və investorların cəlb edilməsi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi olacaq.
Sənədlərin qəbulu 22 avqust 2025-ci il, saat 17:00-dək YT Parkda aparılacaq. Müsabiqə şərtləri və lazımi sənədlər barədə ətraflı məlumat YT Parkın ofisində əldə edilə bilər.
Əlaqə telefonu: (+99412) 376 67 56 (Daxili: 102)
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 221
E-mail: a.abbasova@ytp.az
Rəna Qarayeva
