1901-ci ildə yunan dalğıclar Antikitera adası yaxınlığında batmış gəminin qalıqlarını araşdırarkən pas və mərcanla örtülmüş qəribə bir tunc parçası tapıblar. Əvvəlcə bu sadəcə metal tullantısı kimi görünüb, lakin sonradan aydın olub ki, bu — iki mindən çox il əvvəl yaradılmış inanılmaz bir cihazdır.
Bu gün ona Antikitera mexanizmi deyilir. Alimlər əmindirlər ki, bu, bəşəriyyətə məlum olan ən qədim “kompüter” analoqudur. Əslində bu, eramızdan əvvəl 100–200-cü illərdə yaradılmış son dərəcə mürəkkəb astronomik cihaz olub. O, planetlərin hərəkətini, Ayın fazalarını, tutulmaları və hətta Olimpiya oyunlarının tarixlərini hesablaya bilib.
İlk baxışda mexanizm dişliləri olan bir qutuya bənzəyib, lakin nə dişlilər! Onların sayı 30-dan çox olub və hər biri inanılmaz dəqiqliklə yonulub. Bəzi dişlilərdə 223-ə qədər diş olub, bu isə qədim dövrdə mümkün olmadığı hesab edilən bir ustalıq səviyyəsi idi.
Uzun müddət ərzində heç kim mexanizmin dəqiq necə işlədiyini başa düşməyib. Yalnız XXI əsrdə rentgen və 3D skan texnologiyaları sayəsində onun daxili quruluşunu bərpa etmək mümkün olub. Məlum olub ki, bu, yalnız Günəş və Ay dövrlərini deyil, həm də qədim yunanlara məlum olan planetlərin hərəkətlərini modelləşdirə bilən mürəkkəb bir ötürücü sistem olub.
Alimlər hələ də bu cür bir möcüzəni kimin yarada biləcəyini müzakirə edirlər. Ola bilsin ki, bu, Arximed məktəbinin əməyi olub. Onun şagirdləri mühəndis ixtiraları ilə tanınıblar və Antikitera mexanizmi onların irsinin bir hissəsi ola bilərdi.
Ən təəccüblüsü isə odur ki, bu cür cihazlardan başqa heç bir yerdə tapılmayıb. Antik sivilizasiyanın süqutundan sonra dəqiq dişlilərin hazırlanma texnologiyaları demək olar ki, min il ərzində itib. Yalnız XIV–XV əsrlərdə Avropada yenidən bu mürəkkəblikdə mexanizmlər — astrolabiyalar, saatlar və planetarilər yaranmağa başlayıb.
Bu, bir çox suallar doğurub. Antikitera mexanizmi təkcə bir möcüzə idimi, yoxsa qədim mühəndisliyin unudulmuş bir ənənəsinin hissəsi olub? Niyə bu cür cihazlardan başqa tapılmır? Və görəsən qədim ustalar daha nələr bacarıblar ki, bizim bu haqda heç xəbərimiz belə yoxdur?
Bu gün mexanizm Afina Arxeologiya Muzeyində saxlanılır və onun nüsxələrini bütün dünyada alimlər və mühəndislər öyrənirlər. Hətta NASA belə onun prinsipləri ilə maraqlanıb, çünki bu, elektronika olmadan mürəkkəb astronomik dövrləri hesablamağın nümunəsidir.
Antikitera mexanizmi sadəcə bir artefakt deyil. Bu, bəşəriyyətin tərəqqisinin hər zaman birxətli olmadığını xatırladır. Bəzən yüksəlişlər, bəzən də itkilər olur. Ola bilsin ki, hələ də qum təbəqəsinin altında və ya dənizin dibində bizim keçmiş haqqında anlayışlarımızı yenidən dəyişəcək başqa unudulmuş möcüzələr gizlənib.
Mənbə: www.smithsonianmag.com
Tərcümə etdi: Fatimə Kərimli
