Kitab oxuma mədəniyyəti Azərbaycanda yeni mərhələyə qədəm qoyur. Rəqəmsallaşmanın sürətlənməsi fonunda ölkənin əsas kitabxana mərkəzi olan Azərbaycan Milli Kitabxanası həm fiziki, həm də virtual istifadəçi baxımından mühüm artım müşahidə edir.

2024-cü ilin yekunlarına əsasən, kitabxananın ümumi oxucu sayı 270 373 nəfər, ədəbiyyat verilişi isə 1 256 556 nüsxə olub. Ən diqqətçəkən məqam isə virtual istifadəçi göstəricisidir: 7 823 804 nəfər Milli Kitabxananın elektron resurslarından yararlanıb. Bu rəqəm əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq artımı əks etdirir.
Kitabxananın fondu da genişlənməkdədir. Təkcə 2024-cü il ərzində fonda 50 349 ədəd yeni nəşr daxil olub. Hazırda ümumi fond 4 690 311 nüsxədən ibarətdir.
Yarım ilin göstəriciləri də oxucu marağının davam etdiyini təsdiqləyir. 2025-ci ilin ilk altı ayında 257 697 daimi oxucu, 810 484 nüsxə ədəbiyyat verilişi və 3 778 941 virtual istifadə qeydə alınıb.
Milli Kitabxananın rəqəmsal resurs bazası da mütərəqqi şəkildə inkişaf edir. Kitabxana öz istifadəçilərinə 41 274 tam mətnli elektron resurs təqdim edir. Bu resurslara 13 428 kitab, dissertasiya və dövri mətbuat daxildir.
Mütəxəssislər hesab edir ki, bu artım həm fiziki, həm də virtual mütaliəyə marağın paralel inkişafını göstərir. Kitab sərgiləri, virtual sərgilər və açıq resursların sayı da artdıqca, oxu mədəniyyəti daha geniş auditoriyaya yayılır.
Azərbaycan Mədəniyyət Nazirliyi və digər qurumların həyata keçirdiyi layihələr sayəsində kitab oxuma yalnız fərdi vərdiş deyil, həm də cəmiyyətin maariflənməsi üçün əsas vasitələrdən birinə çevrilir.
Hazırladı: Gülay Bədirli
