
Bəzi insanlar toksiklik, çirklənmə və effektivlik qorxusu səbəbilə kimyəvi günəş qoruyucuları əvəzində mineral olanları seçirlər. Amma, əslində bu ikisi arasında fərq varmı?
Mineral günəş qoruyucuları hazırda çox dəbdədir. “Kimyəvi” günəş qoruyucularının bədənimizə, beynimizə və hətta mərcan riflərinə zərərli ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda mineral əsaslı formulalar qlobal günəş kremi bazarında ən sürətlə böyüyən seqmentə çevrilib.
Amma “kimyəvi” və “mineral” günəş qoruyucuları ilə bağlı müzakirələr yanlış təsəvvürlərlə doludur. Məsələn, mineral günəş qoruyucularının kimyəvi maddələr içerməməsi; kimyəvi günəş qoruyucularının zərərli olduğunun sübuta yetirilməsi; ya da kimyəvi qoruyucuların yalnız UV şüalarını udması, mineral olanların isə yalnız əks etdirməsi kimi iddiaların çoxu yanıltıcıdır və bəzən tamamilə səhvdir.
Qarışıqlıq terminologiyadan başlayır. “Hər şey kimyəvidir,” – deyə İngiltərənin NyuKassl Universitetinin dermatoloji elmləri üzrə fotobiologiya emeritus professoru və günəş qoruyucularında UVA ulduz reytinqinin ixtiraçısı olan Brayan Diffey qeyd edir. Onun sözlərinə görə, “kimyəvi” filtr adlandırılan maddələr daha doğru şəkildə “üzvi” (organik) adlandırılmalıdır, çünki bunlar karbon-hidrogen rabitələrinə malikdir. “Qeyri-üzvi” (inorganik) filtrlər isə əsasən titan dioksid və sink oksiddir və bu rabitələrə malik deyil. Amma onların hamısı kimyəvi maddələrdir.
Günəşdən və onun zərərli təsirlərindən qorunmaq yeni bir fikir deyil – nə də günəş kremləri (üzvi və ya qeyri-üzvi). Qədim Mesopotamiyada insanlar çətirlərdən istifadə edirdilər; qədim yunanlar isə geniş kənarlı şlyapalar taxırdılar. Fərqli qorunma vasitələri ilə yanaşı, bədənə müxtəlif qarışıqlar sürtülürdü. Afrikada indiyədək Namibiyadakı Himba xalqı tərəfindən günəş qoruyucu kimi istifadə edilən oxra əsaslı pastalar ən azı 285,000 il əvvələ aiddir. Roma yazıçısı Kornelius Celsus dərini zeytun yağı ilə yağlamağı tövsiyə edirdi.
Lakin yalnız 19-cu əsrdə alimlər ultrabənövşəyi şüalanmanı (UVR) kəşf etdilər və bəzi maddələrin, məsələn, ağac qabığından əldə edilən kinin sulfatın bu şüaları uda bildiyini anladılar. Bu maddəni günəş qoruyucu kimi tövsiyə etdilər. 1930-cu ilə qədər tədqiqatçılar UVR-i udan bir sıra başqa maddələr də tapmışdılar, məsələn, at şabalıdından əldə edilən aesculin və şam ağacı qabığı tanini. Bu maddələr bugünkü SPF standartlarına cavab verməsə də, dərini müəyyən qədər qoruyurdu və onlar hamısı üzvi (kimyəvi) günəş qoruyucuları sayılırdı.
Əvvəllər düşünülürdü ki, üzvi günəş qoruyucuları UVR-i udur, qeyri-üzvi günəş qoruyucuları isə fiziki olaraq UVR-i əks etdirib dəriyə çatmasına mane olurdu.
Sonradan bu siyahıya onlarla başqa maddə əlavə edildi – o cümlədən laboratoriyada qarışdırılaraq kimyəvi reaksiyalar nəticəsində əldə edilənlər. “Süni kimyəvi maddələr” adlanan bu tərkiblərə avobenzon, oksibenzon, oktisalat və oktinoksat kimi komponentlər daxildir. Onlar əvvəlkilərə nisbətən UV şüalarını daha effektiv udurdu. Bu zaman bazara başqa bir növ günəş qoruyucu – “mineral” adlandırılanlar da çıxmağa başladı.
Lakin bugünkü günəş kremlərindəki titan dioksid və sink oksid “daha təbii” görünsələr də, adətən laboratoriyada istehsal olunur.
Əvvəllər üzvi günəş qoruyucularının UV şüalarını udduğu, qeyri-üzvi olanların isə sadəcə fiziki olaraq dəri üzərindən əks etdirdiyi düşünülürdü – bu fikir 1970-ci illərdə ABŞ Qida və Dərman Administrasiyasının (FDA) monoqrafiyasında da qeyd edilirdi. Bu düşüncə bu gün də tez-tez səslənir və elə buna görə qeyri-üzvi qoruyucular “fiziki günəş qoruyucuları” adlandırılaraq onların şüaları çətir kimi əks etdirdiyi təsəvvürü yaradılır.
“İnsanlar deyirlər ki, mineral və ya qeyri-üzvi günəş qoruyucuları ultrabənövşəyi şüaları əks etdirir,” – deyir London Kral Kollecinin eksperimental fotobiologiya üzrə professoru və günəş qoruyucu effektivliyi üzrə tədqiqatçı Antoni Yanq. – “Amma bu doğru deyil”.
Əslində, müasir titan dioksid və sink oksid UV şüalarının cəmi 4-5%-ni əks etdirir və ya səpir, qalan 95%-ni isə udur – bunu 2015-ci ildə dərc olunan nüfuzlu bir elmi araşdırma sübut edib.
Alimlər 1980-ci illərdən bəri qeyri-üzvi günəş qoruyucularının UV şüalarını udduğunu bilirlər – o qədər ki, 2015-ci il araşdırmasının müəllifləri artıq bu faktı bir daha sübut etmək məcburiyyətindən yorulmuş görünürdülər. Onlar araşdırmada “yenidən vurğulayırıq” deyə qeyd edirdilər ki, “bu qeyri-şəffaf ‘fiziki’ və ya ‘mineral’ UV filtrlərinin əsl funksiyası həqiqətdə suda həll olan ‘kimyəvi’ UV filtrlərinin funksiyası ilə eynidir.
“Bu məlumatlar aydın şəkildə göstərir ki, bu filtrlər əsasən UV şüalarını udan materiallardır, onları səpən və ya əks etdirən materiallar deyil.”
Diffey əlavə edir ki, həmin 5%-i belə onlar əks etdirmir: “Onlar sadəcə səpir.” UV şüaları qeyri-üzvi hissəciklərin səthindən əks olunmur. O izah edir ki, “işıq şüaları maddənin içinə keçir, atom və ya molekullar arasında dolaşır, bəziləri sonra yenidən çıxır. Bu prosesə səpilmə (scattering) deyilir.”
Bununla yanaşı, bir çox günəş kremləri – hətta “mineral” olaraq satılanlar belə – həm üzvi, həm də qeyri-üzvi UV filtrlərini birlikdə istifadə edir.
Üzvi filtrlərin çoxu həll oluna biləndir, yəni onların aktiv maddələri su və ya yağ kimi mühitlərdə həll ola bilir.
Amma ümumilikdə ekspertlər deyirlər ki, UV filtrinin udma, əks etdirmə və ya səpilmə yolu ilə işləməsi əslində çox da əhəmiyyətli deyil. Udmə nəticəsində dəridə yaranan istilik miqdarı çox cüzidir – Günəşin özünün yaydığı istiliklə müqayisədə çox kiçikdir.
Sonda, Londonda yerləşən konsultant dermatoloq və Britaniya Dəri Fondu sözçüsü Meri Sommerlad belə deyir:
“UV enerjisinin udulmasını, yoxsa əks olunmasını istəməyinizə qərar verməyə ehtiyac yoxdur, çünki onlar demək olar ki, eyni şəkildə işləyir.” Yəni əsas məsələ dərinizin udduğu UV şüalarının miqdarını azaltmaqla dərini zədələrdən və xərçəng riskindən qorumaqdır.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
