Genetik texnologiyaların inkişafı ilə yanaşı, onların riskləri də getdikcə daha çox diqqət mərkəzinə gəlir. Son elmi araşdırmalar göstərir ki, erkən insan embrionları genetik müdaxiləyə qarşı düşündüyümüzdən daha zəifdir.
Oksford Universitetindən bir qrup tədqiqatçı tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, CRISPR-Cas9 texnologiyası ilə embrionlarda gen düzəlişi aparıldıqda, DNT-də yaranan qırılmaların yalnız az bir hissəsi sağlam şəkildə bərpa olunur. Konkret olaraq, bu düzəlişlərin cəmi 9%-i genetik xəstəliyin aradan qaldırılmasına yönəlmiş faydalı dəyişikliklə nəticələnib. Əksər hallarda ya mutasiyalar yaranıb, ya da DNT zədələnməsi ümumiyyətlə bərpa olunmayıb, bu isə xromosom itkisinə və genetik anomaliyalara səbəb olub.
Bu nəticələr göstərir ki, hazırkı texnologiyalarla insan embrionlarında gen redaktəsi aparmaq ciddi risklər daşıyır. Bununla belə, tədqiqatçılar hesab edirlər ki, tətbiq üsullarında müəyyən dəyişikliklərlə bu riskləri azaltmaq mümkündür. Eyni zamanda, embrionların DNT-ni bərpa etmək qabiliyyətinin zəif olması, süni mayalanma ilə yaradılan embrionların niyə çox zaman inkişaf etmədən dayandığını izah edə bilər və bu sahədə müalicələrin təkmilləşdirilməsinə kömək edə bilər.
Mənbə: Clinical Trials Arena
Tərcümə etdi: Arzu Qafarova
