Bu gün:

Zəif şifrə sistemi 158 illik şirkəti iflasa sürükləyib


İngiltərədə yerləşən 158 illik “KNP Logistics Group” adlı nəqliyyat şirkəti kiberhücum nəticəsində fəaliyyətini dayandırıb. Hücumun bir işçinin zəif şifrəsi səbəbindən baş verdiyi və nəticədə şirkətin bütün məlumat sistemlərinin iflic olduğu bildirilir.

Northamptonshire bölgəsində fəaliyyət göstərən KNP şirkəti 2023-cü ildə “Knights of Old” markası ilə 500 yük maşını idarə edirdi. Lakin “Akira” adlı haker qrupu zəif paroldan istifadə edərək sistemə sızıb, bütün məlumatları kilidləyib və şirkətdən külli miqdarda pul tələb edib. Məlumatlara çıxış imkanı olmayan şirkət fəaliyyətini davam etdirə bilməyib və iflas etdiyini açıqlayıb. Nəticədə 700-ə yaxın işçi işini itirib.

Şirkətin direktoru Paul Abbott açıqlamasında bildirib ki, zəif şifrə istifadə edən əməkdaşa günah yükləməyib: “Əgər o şəxs siz olsaydınız, bunu bilmək istəyərdinizmi?” – deyə o sual edib.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) rəhbəri Riçard Horn isə məsuliyyətin əsasən şirkətlərin üzərinə düşdüyünü bildirib: “Təşkilatlar sistemlərini daha təhlükəsiz etmək üçün qabaqlayıcı tədbirlər görməlidirlər". 

BBC Panorama proqramı NCSC-nin beynəlxalq pul proqramları ilə mübarizəsini işıqlandırıb. NCSC-nin məlumatına görə, ötən il Böyük Britaniyada təxminən 19 min fidyə hücumu qeydə alınıb. Araşdırmalara əsasən, İngiltərədə ortalama pul tələbi 4 milyon funt sterlinq təşkil edir və şirkətlərin təxminən üçdə biri bu məbləği ödəyir.

NCSC mütəxəssisləri bildirirlər ki, bir çox hücumlar yeni texnologiyalardan deyil, mövcud sistemlərdəki zəifliklərdən qaynaqlanır. “Hakerlər yeni bir şey etmir – sadəcə zəif anı gözləyirlər,” – deyə qurumun ekspertlərindən biri bildirib.

Hadisə bir daha göstərir ki, zəif parollar təkcə fərdi təhlükə yaratmır, həm də iri şirkətlərin və yüzlərlə insanın taleyinə təsir edə bilər.

Mənbə: BBC Panorama

Tərcümə etdi: Ətirə İbayeva 


Paylaş
Şərh əlavə et