Bu səhər Tayland və Kamboca sərhədində, Ta Muen Thom məbədi yaxınlığında hərbi toqquşma baş verib. Hər iki tərəf atəşi ilk olaraq qarşı tərəfin açdığını iddia edib.
Tayland ordusu Kambocanın əvvəlcə dron göndərdiyini, sonra isə ağır silahlı əsgərlərlə əraziyə daxil olduğunu bildirib. Nəticədə iki Tayland əsgəri yaralanıb.
Kamboca Müdafiə Nazirliyi isə Tayland əsgərlərinin atəşinə cavab verildiyini və bunun özünümüdafiə məqsədilə edildiyini açıqlayıb. Nazirliyin sözçüsü Maly Socheata Taylandın Kambocanın ərazi bütövlüyünü pozduğunu deyib.
Baş nazir Hun Manet silahlı cavabın məcburi addım olduğunu bildirib. Taylandın müvəqqəti Baş naziri Phumtham Wechayachai isə məsələnin beynəlxalq hüquqla həll olunmalı olduğunu vurğulayıb.
Qarşıdurma Taylandın mina partlayışı səbəbilə səfirini geri çağırmasından bir gün sonraya təsadüf edib. Son aylar hər iki ölkə sərhəd boyunca hərbi gücünü artırıb və münasibətlər xeyli gərginləşib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
