ABŞ-nin Corciya ştatında ispan dilli jurnalist Mario Guevara etiraz aksiyasını işıqlandırarkən həbs olunub və hazırda federal immiqrasiya təcridxanasında saxlanılır. Onun ailəsi, hüquq müdafiəçiləri və jurnalist həmkarları azadlığa buraxılmasını tələb edib.
47 yaşlı Mario Guevara 14 iyunda Atlanta yaxınlığındakı etiraz zamanı saxlanılıb. Bir neçə gün sonra o, İmmiqrasiya və Gömrük Mühafizəsinə (ICE) təhvil verilib. Baxmayaraq ki, ona $7500 girov təyin olunub, hökumət bu qərarı apellyasiya etdiyi üçün hələlik azadlığa buraxılmayıb.
Onun qızı Ketrin Guevara: “Atam 20 ildən artıqdır ki, ispan icmasının səsini çatdırmağa çalışır. O, həmişə görünməyənləri görünən etdi",-deyə bildirib.
Mario illərdir ki, Corciyada ispan dilli “Mundo Hispanico” qəzetində və daha sonra yaratdığı MG News platformasında immiqrasiya, ədalətsizlik və hüquq pozuntuları ilə bağlı araşdırmalar aparıb. Onun polis tərəfindən saxlanıldığı görüntülərdə “PRESS” yazılı jilet geyindiyi və “Mən media nümayəndəsiyəm!” dediyi eşidilir.
Jurnalistin vəkilləri bildiriblər ki, o, cinayətkar deyil və ABŞ-də işləmək icazəsi, eləcə də yaşıl kart üçün müraciəti var. Hüquq-mühafizə orqanlarının qoyduğu ittihamlar – yolda piyada hərəkəti, polisə mane olmaq və icazəsiz toplaşma – daha sonra ləğv edilib.
Mario Guevara hazırda təcrid şəraitində saxlanılır. Onun ailəsi bu təcridin psixoloji təsirlərindən narahatdır. Onun oğlu, hazırda fotojurnalist kimi çalışan Oskar Guevara deyib: “Uşaq vaxtı başa düşmürdüm, niyə atam yemək vaxtı qəfil çıxıb reportaja gedirdi. İndi anlayıram – çünki həqiqəti göstərməyə borclu hiss edirdi.”
Qeyd edək ki, Mario Guevara-nın həbsinə qarşı etirazlar böyüyür və bu ABŞ-də mətbuat azadlığı və jurnalist hüquqları ilə bağlı ciddi suallar doğurur.
Mənbə: AP
Tərcümə etdi: Nəzakət Nəsibli
