Bu gün:

Banqladeşdə təyyarə məktəb və kollecə çırpılıb


Banqladeşin paytaxtı Dakkada yerləşən Milestone Məktəb və Kollecinə hərbi təyyarə çırpılıb. F-7 tipli təlim təyyarəsi havaya qalxdıqdan az sonra texniki nasazlıq qeydə alınıb və sıx yaşayış olan əraziyə düşüb. Nəticədə azı 27 nəfər ölüb, 170-dən çox insan yaralanıb.

Təyyarə dərs bitdiyi vaxt məktəb binasına çırpılıb. Bir çox valideyn uşaqlarını götürmək üçün ərazidə olub. Partlayış və yanğın baş verib.

10-cu sinif şagirdi Fərhan Həsən hadisə zamanı dostunu itirib:

“Dostumla birlikdə imtahan zalından çıxmışdıq. Təyyarə başının üstündən keçib, onu apardı və bütün bunlar gözümün qarşısında baş verdi".

Məktəbin müəllimlərindən olan Rəzaul İslam hadisə anında təyyarənin birbaşa binaya çırpıldığını görüb. Digər müəllim Məsud Tarik partlayış səsi eşidəndən sonra ətrafın alova və tüstüyə büründüyünü bildirib:

“Ətrafda çoxlu uşaq və valideyn var idi, heç nə aydın görünmürdü".

Əraziyə 30-dan çox təcili yardım maşını cəlb olunub. Yaralıların əksəriyyəti məktəb yaşlı uşaqlardır. Onlar yeddi müxtəlif xəstəxanaya yerləşdirilib.

Milli Yanıq və Plastik Cərrahiyyə İnstitutuna aparılan uşaqların çoxu 9-14 yaş arasındadır. Qurbanlardan biri olan Tanvir Əhmədin əmisi Şah Alam deyib: “Bacımın oğlu indi morqdadır. Atası danışa bilmir. Bu ağrını necə izah edə bilərəm bilmirəm". 

Hadisə cəmiyyətə ciddi təsir edib. Qanvermə çağırışına yüzlərlə insan qoşulub. Siyasi partiya nümayəndələri yaralıları ziyarət edib.

Hökumət matəm günü elan edib, bayraqlar yarıya endirilib. İstintaq komissiyası yaradılıb, səbəblərin araşdırılması davam edir.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et