1975-ci ildə amerikalı və sovet kosmonavtlarının orbitdə görüşməsi göstərib ki, iki supergüc birlikdə işləyə bilər. Bu hadisənin müsbət təsirləri nəticədə Beynəlxalq Kosmik Stansiyanın (BKS) yaradılmasına səbəb olub.
Sadəcə 33 yaşında olan Qlinn Lanni (Glynn Lunney) NASA-nın ən təcrübəli uçuş direktorlarından biri idi. 1970-ci ilə qədər o, Apollon kapsulunun ilk orbitindən Nil Armstronqun Ayda ilk addımlarına qədər bütün əsas hadisələrin mərkəzində olub. Apollo 13 ekipajını xilas etmək üçün göstərdiyi səylərdən bir neçə ay sonra Lanni növbəti Ay missiyasına hazırlaşıb. Sonra o, NASA-nın missiya nəzarət rəhbəri Kris Kraftdan telefon zəngi alıb. “O deyib: ‘Qlinn, Moskvaya getməyə hazırlaş, bir neçə həftəyə orada olacaqsan’ ”- deyə Lanni xatırlayır. “Bu, tamamilə gözlənilməz idi”. Karyerasını Sovet İttifaqına qarşı kosmik yarışda qalib gəlməyə həsr edən Lanni indi Soyuq Müharibə dövrünün rəqibləri ilə birlikdə işləməli olub. Bu layihə Apollon-Soyuz Sınaq Layihəsi adlanıb. Məqsəd bir ABŞ Apollon kapsulunun və bir sovet Soyuz gəmisinin orbitdə birləşməsi idi. Bu planı həyata keçirmək Lannidən növbəti beş ilini alıb.
Lanni 2021-ci ildə vəfat etsə də, müəllif 2012-ci ildə onunla müsahibə aparıb. Onlar Hyustondakı məşhur Apollon Missiya Nəzarət Otağında görüşüblər. O vaxt otaq baxımsız görünüb, missiyalar isə uzaq bir xatirə kimi idi. Əslində, Lanni ilə söhbət Ay enişinin çətinlikləri barədə olmalı idi. Amma o, Apollon-Soyuz haqqında danışmağa başladıqda məlum olub ki, bu az danışılan missiya onun üçün karyerasının zirvələrindən biri idi. Sovetlər və ABŞ 1957-ci ildə Sputnik-1-in buraxılmasından bəri kosmosda rəqabət aparıb. Amma bu iki supergücün birlikdə işləməsi fikri tamamilə yeni olmayıb. Vaşinqtondakı Milli Hava və Kosmos Muzeyində Apollon və Apollon-Soyuz sərgilərinin kuratoru Tizel Muir-Harmoni deyir: “Uzun illər boyunca ABŞ və SSRİ arasında kosmosda birgə proqramlar qurmaq üçün cəhdlər olub” . Məsələn, 1962-ci ilin oktyabrında ABŞ və SSRİ arasında meteoroloji məlumat mübadiləsi barədə bir razılaşma imzalanıb. Amma həmin vaxt həm də Kuba Raket Böhranı baş verib. Yəni kosmik yarış həm rəqabət, həm də əməkdaşlıqla dolu idi.
1970-ci illərdə ABŞ Prezidenti Riçard Nikson beynəlxalq gərginliyi azaltmaq istəyib, həm Sovet İttifaqı ilə, həm də kommunist Çinlə dialoq qurulub. Apollon-Soyuz layihəsi bu baxımdan diplomatik əhəmiyyət daşıyıb. Amma praktiki səbəblər də olub, fərqli ölkələrin kosmik gəmiləri birləşə bilsə, bu, orbitdə təhlükə ilə üzləşmiş astronavtların xilasına yardımçı ola bilər. Missiyaya seçilən astronavtlar da simvolik əhəmiyyət daşıyıb. ABŞ-nin üç nəfərlik ekipajında yer alan Dek Sleyton orijinal Mercury 7 astronavtlarından biri idi, amma ürək problemi səbəbilə uçmaqdan kənarlaşdırılıb. İndi isə nəhayət o da kosmosa gedəcək. Sovet ekipajına isə kosmosda ilk dəfə yeriyən adam Aleksey Leonov rəhbərlik edib. Əgər SSRİ-nin nəhəng N1 Ay raketi uğurlu olsaydı, Leonov Ayda yeriyən ilk insan olacaqdı. Texniki baxımdan iki gəminin birləşdirilməsi çox çətin idi. Soyuz və Apollon tamamilə fərqli dizayna malik idi. Hətta kosmosda nəfəs aldıqları hava qarışıqları belə fərqli idi. Amma ən böyük çətinlik mədəni fərqlər və İkinci Dünya Müharibəsindən sonra yaranan qarşılıqlı inamsızlıq idi. ABŞ komandası Moskvaya getdikdə nə ilə qarşılaşacaqlarını bilməyiblər.
ABŞ nümayəndə heyəti Moskvadakı Ulduz Şəhərcikdə yerləşdirilib və otaqlar dinləmə qurğularıyla dolu idi – Brandın oğlu təsadüfən KQB-nin dinləmə otağına belə girib. Amma bir müddət sonra iki tərəf dostluq etməyə başlayıb. Muir-Harmoni deyir: “Layihədə çalışanların çoxu qarşı tərəfdəki həmkarlarının peşəkarlığı və əməkdaşlıq istəyi qarşısında təəccüblənib”. Məsələn, Aleksey Leonovla Apollon komandiri Tom Stafford ömür boyu yaxın dost olublar.
Sovet kosmonavtlar ABŞ-yə səfər edəndə öz mədəniyyət şokunu yaşayıblar. Leonov avtomobil yolundakı rəngbərəng maşınları görüb, “Niyə maşınlar bu qədər fərqli rəngdədir?” deyə sorusub. 15 iyul 1975-ci ildə Leonov və Valeri Kubasovun olduğu Soyuz gəmisi Qazaxıstandakı Baykonurdan buraxılıb. Yeddi saat sonra isə Stafford, Brand və Sleyton Apollon kapsulu ilə Floridadakı Kejp Kanaveraldan yola çıxıb. Apollon kapsulu xüsusi birləşmə adapteri daşıyıb. İki gün sonra gəmilər yaxınlaşıb. Birləşmə mükəmməl olub. Amerikalılar qapını döyüb və sovetlər zarafatla cavab verib: “Orada kim var?”
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
