Bu gün:

Van Gogh sindromu


Özünə zərərvermə — insanın bilərəkdən özünə xəsarətlər yetirməsi ilə xarakterizə olunur. Bunlara dişləmələr, yanıqlar, yaralar və s. daxildir. Belə zədələr adətən ölümcül olmur və intihar məqsədi daşımır. Özünə zərərvermə davranışı daha çox yeniyetmələr, gənc qadınlar, müharibə veteranları və psixiatrik pasiyentlər (xüsusilə bipolyar pozuntu, şizofreniya və Münxhauzen sindromundan əziyyət çəkənlər) arasında yayılmışdır.[hide][/hide]

Təkrar-təkrar özünə xəsarət yetirmə davranışı Van Qoqun adını daşıyan sindromla əlaqələndirilir. Məlum versiyaya görə, məşhur rəssam Vinsent van Qoq qulağının bir hissəsini kəsərək onu fahişəyə hədiyyə etmişdi. Bu sindrom həmçinin pasiyentlərin təkrar-təkrar cərrahi əməliyyatlar keçirmək istəyi ilə də xarakterizə olunur.

Bu sindromla bağlı elmi ədəbiyyatın əksəriyyəti klinik hadisələrin təsvirindən ibarətdir və bir qismi hələ XX əsrin əvvəllərinə aiddir. Bu hallarda qulaqların, cinsiyyət orqanlarının kəsilməsi, ətraflara kəsiklərin vurulması kimi davranışlar müşahidə olunur. Belə hallardan biri aşağıda təqdim olunur.

1962-ci il hadisəsi:

1962-ci ildə Virciniya Universitetinin xəstəxanasına 59 yaşlı, tənha bir kişi qəbul olunmuşdu. Onun əsas şikayəti sol qulağında anasının nişan üzüyünün olduğunu iddia etməsi və onun çıxarılmasını istəməsi idi. Xəstəxanaya gəlməzdən əvvəl o, yaşadığı ərazidə qulaq-burun-boğaz həkiminə müraciət etmişdi. Həkim, psixiatrla məsləhətləşmədən sonra əməliyyata icazə verə biləcəyini bildirmişdi.

Pasiyent öz hekayəsini belə izah etmişdi: 1938-ci ilə qədər özünü tam sağlam sayırdı. 32 yaşında ikən ilk dəfə “başında uğultu” hiss etməyə başladı. Bu simptom bir daha keçmədən davam etdi. O, bu uğultunu müxtəlif cür təsvir edirdi: “sanki çiy bifşteksi qızmar tavanın üstünə qoyursan”, “partlayış səsləri”, “statik şüalanma”. 1942-ci ildə, ABŞ ordusuna çağırılmamışdan əvvəl, o, uşaqlığında baş verən bir hadisəni xatırlamışdı: 2 və ya 3 yaşında ikən anasının dizində oturarkən o, üzüyü götürərək qulağına salmağa çalışmışdı.

1955-ci ildə uğultu şiddətlənmişdi. İki dişi çıxarıldıqdan sonra kişi inanmağa başlamışdı ki, qulağındakı qızıl üzük və dişlərindəki metal plomblar arasında elektrik cərəyanı var. Onun dediyinə görə, bu cərəyan plomblardakı metalı aşındırır və onu çənə vasitəsilə üzüyə doğru çəkir. Kişi hətta qeyd edirdi ki, qulaq və çənə arasında yerləşdirilmiş voltmetr 0.5 volt gərginlik göstərmişdi. Daha sonra o, diş həkimini plombları plastik olanlarla əvəz etməyə razı salmışdı.

Sonrakı on il ərzində pasiyent ABŞ-ın şərq və orta qərb bölgələrində müxtəlif xəstəxanalara müraciət etmiş, qulağına əməliyyat edəcək həkim axtarmışdı. Bu dövrdə o, çənə, burun cibləri və əlbəttə ki, sol qulaq bölgəsində 12 cərrahi müdaxilə keçirmişdi. Bir dəfə hətta güzgü qarşısında özü-özünü əməliyyat etməyə cəhd etmiş, lakin yalnız səthi bir kəsiklə kifayətlənmişdi.

Hadisənin kulminasiya nöqtəsi 1962-ci ildə psixiatrın müayinəsindən sonra keçirilmiş əməliyyat oldu. Həkim 21 fevral 1962-ci ildə xarici qulaq kanalının ətrafında yerləşən yumşaq toxuma sahəsini, üzük formasında çıxartdığını bildirdi. Toxumalarda xroniki iltihab əlamətləri var idi — yəqin ki, pasiyentin özü üzüyü çıxarmağa çalışdığı üçün yaranmışdı. Təbii ki, heç bir qızıl üzük aşkar edilməmişdi. Əməliyyat sahəsi uğurla sağalsa da, pasiyent qulağında üzüyün hələ də olduğunu hiss etdiyini deyirdi.

Sonrakı üç il ərzində onun psixi vəziyyətində dəyişiklik müşahidə olunmadı. Yuxarıda təsvir edilən obsesiv fikirdən başqa gündəlik həyatında hər hansı bir pozuntu görünmürdü. Klinik simptomlar olmasa da, 1962, 1963 və 1965-ci illərdə aparılmış testlər pasiyentdə depressiv əlamətləri ortaya çıxarmışdı. Belə bir fiksasiyanın səbəbini müəyyən etmək çətindir: bu, onun 6 yaşında sol qulağının infeksiyalaşması ilə bağlı ola bilərdi və ya sadəcə tənha həyat sürdüyü üçün insanlarla əlaqə qurmağın yeganə formasının tibbi müdaxilələr olduğunu düşünməsi ilə əlaqəli ola bilərdi.

Van Qoqu sindromunun etiologiyası

Van Qoqu sindromu müxtəlif formalarda özünü göstərir — yuxarıda təsvir olunan hallar kimi və ya özünə xəsarət vermə şəklində. Lakin bu sindromun dəqiq etiologiyasını təyin etmək çətindir. Məsələn, İranlı həkimlərin müşahidələri göstərmişdi ki, eyni cür zədələmələri həm depressiyadan əziyyət çəkən, həm də şəxsiyyətin sərhəd xətti pozuntusu olan pasiyentlər törədə bilirlər. Nepal həkimləri isə Van Qoqu sindromunun şizofreniya diaqnozu almış pasiyentlərdə də müşahidə edildiyini təsvir etmişlər.

Mənbə: medach.pro

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et