Hillari və Tenzinq ölüm zonasında necə sağ qalıblar?
29 may 1953-cü il tarixində Yeni Zelandiyalı Edmund Hillari və Nepal şerpası Tenzinq Norqay, dünyanın ən yüksək zirvəsi olan Everest dağının zirvəsinə çatan ilk insanlar kimi tarixə düşüblər. Lakin bu uğurun arxasında həyati təhlükələr, qıt oksigen, sərt buz təbəqələri və “ölüm zonası” adlanan ölümcül yüksəklik dayanıb.

Zirvəyə aparan ölümcül yol
Everest dağı 8 849 metr hündürlükdə yerləşir və Nepal ilə Tibet sərhədində uzanır. Dağın 8 000 metrdən yuxarı hissəsi “ölüm zonası” adlanır. Burada oksigen səviyyəsi o qədər azdır ki, insan bədəni yaşamaq üçün lazım olan funksiyaları yerinə yetirə bilmir. Bədən hüceyrələri parçalanır, beyin şişir, zehni qarışıqlıq yaranır və qərarvermə qabiliyyəti zəifləyir. Bir çox alpinistlər burada həyatlarını itiriblər.
Hillari və Tenzinq bu riskləri minimuma endirmək üçün bir neçə ay ərzində yüksəkliklərə uyğunlaşmaq məqsədilə müxtəlif hündürlüklərdə düşərgələr qurublar. Bu adaptasiya bədənlərində oksigen daşıyan hemoqlobinin artmasına kömək edib. Lakin 6 000 metrdən yuxarı bu uyğunlaşma artıq mümkün olmur və süni oksigen aparatları zəruri hala gəlir.

Tarixi zirvə anı
Əvvəlki komanda üzvləri 100 metr qalmış zirvəyə çata bilmədən geri dönüblər. 29 may səhəri Hillari və Tenzinq son cəhdə başladılar. En kəskin maneə isə dağın 40 fut (təxminən 12 metr) hündürlüyündə olan hamar və düz qayalıq hissəsi idi. Hillari özünü buzla qayalıq arasındakı dar dəliyə sıxaraq ehtiyatla yuxarı dırmaşdı və sonra Tenzinqi də oraya çəkib. Bu təhlükəli hissə sonradan “Hillari Pilləsi” adlandırılıb.
Zirvəyə çatdıqda, onlar sevinclə bir-birilərinə sarılıblar. Hillari fotoaparatı ilə Tenzinqin BMT, Britaniya, Hindistan və Nepal bayraqları ilə pozalar verdiyi anları çəkib. Tenzinq isə Buddist adəti üzrə orada bir neçə konfet və biskvit basdırıb. Onlar sadəcə 15 dəqiqə zirvədə qaldılar və dərhal aşağı enməyə başlayıblar, çünki oksigen sürətlə tükənirdi.
Qəhrəmanlıq və səssiz razılaşma
İkili bu uğurun komanda işi olduğunu göstərmək üçün kimin birinci zirvəyə çatdığını deməməyə qərar veriblər. Ancaq Tenzinq 1955-ci ildə yazdığı avtobioqrafiyada Hillarinin öndə olduğunu təsdiqləyib. Hillari bazaya qayıdarkən dostu Corc Louva zarafatla deyib: “Yaxşı, Corc, o alçağı yıxdıq!”
Qələbə xəbəri 2 iyun 1953-cü ildə, Kraliça II Yelizavetanın tacqoyma mərasimindən bir gün əvvəl dünyaya yayıldı. Hillari cəngavər elan olundu, Tenzinq isə George medalı alıb – bu fərqlilik mübahisələrə səbəb olub.
Everestdə yaşayan təhlükə
Günümüzdə Everestə çıxış həm macəra, həm də iqtisadi mənbədir. Hər il təxminən 800 nəfər zirvəyə çatmağa çalışır. Təkcə 2024-cü ildə 9 nəfər həlak olub və ya itkin düşüb. Qlobal istiləşmə səbəbilə dağ buzlaqları əridikcə, illər öncə həlak olmuş alpinistlərin cəsədləri səthə çıxmağa başlayıb.
2019-cu ildə Nepal hökuməti dağdan cəsədlərin çıxarılması üçün xüsusi təmizlik kampaniyasına start verib. 2024-cü ildə isə ilk dəfə olaraq xilasedicilər ölüm zonasına girərək 5 cəsədi çıxarmağa nail olublar.
Mənbə: BBC
Tərcümə etdi: Aysu Əsgərzadə
