.

Vizual aləmimizdə həmişə hər şeyi tam şəkildə görmürük. Bəzən obyekt başqa obyektin arxasında olur, bəzən onun yalnız bir hissəsi görünür. Ancaq buna baxmayaraq, beynimiz çatışmayan məlumatları orada varmış kimi tamamlayır. Bu idrak qabiliyyəti amodal tamamlama adlanır.
Amodal tamamlama bütün obyekti görməsək belə, zehnimizin bir obyektin mövcud olduğunu və onun necə göründüyünü “tamamlaması” prosesidir. Məsələn, divarın arxasından qismən görünən avtomobil bizim üçün “tam” avtomobil kimi qəbul edilir. Vizual sistemimiz avtomatik olaraq görünməyən hissəni öz üzərinə götürür.
Amodal tamamlama təkcə insan qavrayışında deyil, həm də kompüter görmə və süni intellekt tədqiqatlarında mühüm rol oynayır. Xüsusilə avtonom nəqliyyat vasitələri, robot sistemləri və təsvirin tanınması texnologiyaları üçün ətrafdakı obyektləri düzgün başa düşmək və çatışmayan məlumatları təxmin edə bilmək böyük əhəmiyyət kəsb edir.
Süni intellektə amodal tamamlama qabiliyyətinin təmin edilməsi, zibil qutusunun arxasında dayanan piyadanın proqnozlaşdırılması və ya qismən örtülmüş yol nişanının düzgün tanınması kimi praktik tətbiqlərdə həyat qurtara bilər.
Alimlərin fikrincə, amodal tamamlama beynimizin əvvəlki təcrübələrinə, formal siqnallara və ətraf mühit kontekstinə əsaslanır. Üst-üstə düşən formaların kənarları, dərinlik işarələri və obyekt məlumatı bu tamamlama prosesində təsirli olur. Bu vəziyyət həm də optik illüziyaların əsasını təşkil edir. Məsələn, klassik Kanizsa üçbucağı kimi formalarda əslində mövcud olmayan xətləri görməyimiz beynimizin avtomatik tamamlama səyinin nəticəsidir.
Tədqiqatçılar süni intellekt sistemlərinə amodal tamamlama qabiliyyətini təmin etməklə daha etibarlı və insana bənzər qavrayış sistemlərinin inkişaf etdirilə biləcəyini proqnozlaşdırırlar. Bu texnologiyanın xüsusilə şəhər təhlükəsizlik sistemlərində, artırılmış reallıq tətbiqlərində və rəqəmsal vizual sənətlərdə böyük bir inqilab yarada biləcəyi düşünülür.
Mənbə: Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
