Ən qədim üzgüçülük hovuzu eramızdan əvvəl 3000-ci ilə, Hind çayı vadisinə aiddir. Çox-çox sonralar, 19-cu əsrdə Britaniya və ABŞ-da üzgüçülük hovuzları meydana çıxmağa başlayıb. Lakin bu hovuzlarla birlikdə onları gigiyenik saxlamaq problemi də ortaya çıxıb. Hətta bu gün belə, ictimai və şəxsi hovuzlar düzgün təmizlənmədikdə infeksiya ocaqlarına çevrilə bilərlər.
Üzgüçülük insanların əksəriyyəti üçün olduqca faydalı hesab olunur. Bu, bütün bədəni işlədən, ürək-damar sistemini gücləndirən, eyni zamanda sümüklərə və oynaqlara aşağı təsir göstərən bir məşq növüdür. Lakin nadir hallarda üzgüçülük hovuzları mədə-bağırsaq və tənəffüs yolu xəstəlikləri ilə əlaqələndirilib. Hətta yaxşı saxlanılan hovuzlarda belə xlor bizim düşündüyümüzdən daha çox iş görür. Ona görə də, ən azı şimal yarımkürəsindəki yay mövsümünü nəzərə alaraq, gəlin baxaq hovuz suyunda sizinlə birgə nələr ola bilər.
Son 25 il ərzində İngiltərə və Uelsdə su ilə yayılan mədə-bağırsaq xəstəlikləri üzrə epidemiyaların ən çox rast gəlindiyi yerlər hovuzlardır. Ən böyük günahkar isə Cryptosporidium parazitidir. Bu parazit iki həftəyə qədər davam edə bilən mədə-bağırsaq xəstəliyi yarada bilər. İnsanda ishal, qusma və qarın ağrısı kimi əlamətlər yaranır və təxminən 40% hallarda simptomlar keçdikdən sonra yenidən qayıda bilər. Lakin London Tropik Tibb Məktəbinin Ətraf Mühit Sağlamlığı Qrupunun dosenti Ceki Ni bildirir ki, sağlam insanlarda belə xəstəliklər adətən öz-özünə keçir. Amma bu, azyaşlı uşaqlar, yaşlı insanlar və immun sistemi zəif olanlar üçün daha ciddi ola bilər. İnsanlar kriptosporidiyumu ya infeksiyalı şəxsin hovuzda nəcis ifraz etməsi, ya da bədənində qalan nəcis qalığına bulaşan suyu udmaqla yoluxa bilərlər. Toronto Metropoliten Universitetinin İctimai Sağlamlıq məktəbinin dosenti İan Yanq deyir ki, insanlar simptomlar keçdikdən sonra da bu paraziti yaymağa davam edə bilərlər. Siz hovuz suyunu udmamaq üçün nə qədər çalışsanız da, bəzi sübutlara görə, az miqdarda su bədənə daxil olur. Məsələn, 2017-ci ildə Ohayo ştatındakı ictimai hovuzlarda aparılan bir araşdırmada 549 nəfərin qanı test edilib və məlum olub ki, böyüklər saatda təxminən 21 ml, uşaqlar isə 49 ml su udurlar. Bu suyun udulması zamanı infeksiya riski hovuzun nə qədər dolu olmasından asılıdır. Bir araşdırma göstərib ki, kriptosporidiyuma yoluxma ehtimalı hovuzlar ən sıx vaxtlarda daha yüksəkdir. 2017-ci ilin yayında 10 həftə ərzində 6 hovuzun suyu həftədə bir dəfə analiz edilib və 20% nümunədə kriptosporidiyum aşkarlanıb. Bu nümunələrin üçdə ikisi hovuzun ən sıx olduğu vaxtlarda götürülüb. Lakin kriptosporidiyum tək təhlükə deyil. Sidney Universitetinin Mülki Mühəndislik Fakültəsinin rəhbəri professor Stüart Kan bildirir ki, stafilokokk kimi fürsətçi bakteriyalar dəri infeksiyalarına səbəb ola bilər. Həmçinin, hovuzun soyunub-geyinmə otağında göbələk infeksiyaları da yayılır, çünki bu patogenlər isti və rütubətli mühitlərdə uzun müddət sağ qala bilir. Nadir hallarda isə su mənbələrində yaşayan akantamoeba qrupu parazitləri ciddi və korluğa səbəb ola biləcək göz infeksiyalarına yol aça bilər. İnfeksiyalar inhalasiya yolu ilə də ötürülə bilər. Məsələn, hovuzlarda olan legionella bakteriyası hava damcıları ilə nəfəs aldıqda Legioner xəstəliyi adlı ağciyər infeksiyasına səbəb ola bilər. Amma sevindirici haldır ki, hovuzlarla əlaqəli yoluxucu xəstəliklər nadir hallarda baş verir.
1900-cü illərdən əvvəl hovuzlarda kimyəvi dezinfeksiya istifadə olunmayıb. Bəziləri suyu süzür və ya tez-tez dəyişdirib, bəziləri isə hovuzu meyilli tikir və suyu axıdaraq təmizləməyib. ABŞ-da xlor ilk dəfə 1903-cü ildə Rod-Aylenddəki Braun Universitetinin hovuzunda istifadə olunub. Nadir hallarda hovuzlardan Kampilobakter, Şigella və Salmonella kimi patogenlərə yoluxmaq mümkündür. Bunlar əsasən ishal, qarın ağrısı və qızdırma yaradır, lakin ciddi fəsadlara da səbəb ola bilər. Kan bildirir ki, bu risklərin əksəriyyəti xlor sayəsində azalır. Norovirus kimi viruslar isə bakteriyalardan daha dayanıqlıdır. Hovuzlarda qeydə alınan nadir yoluxmaların əksəriyyəti ya avadanlığın nasazlığı, ya da xlor səviyyəsinin aşağı olması ilə əlaqəlidir. Xlorun effektivliyi üçün hovuz suyunun pH və alkalilik dəyərləri düzgün saxlanılmalıdır. Həmçinin, hovuzdakı insan sayı artdıqca xlor tələbatı da artır. Fərqli ölkələrdə hovuz qaydaları fərqlidir. Məsələn, Birləşmiş Krallıqda xüsusi hovuz qanunları yoxdur, lakin iş təhlükəsizliyi qanunları tətbiq olunur. ABŞ-da isə hovuzlar həm federal, həm də ştat səviyyəsində tənzimlənir. CDC-nin hovuzlarla bağlı tövsiyə kodeksi var, lakin bu, məcburi deyil.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
