
Astronomlar bizdən milyardlarla işıq ili uzaqlıqda yerləşən qeyri-adi qalaktikanı müşahidə ediblər — onun iki nüvəsi var, yəni iki fövqəlsürətli qara dəlik. Ətraflı araşdırmalardan sonra onların arasında üçüncü bir qara dəlik də müşahidə olunub. Alimlər indi belə qənaətə gəliblər ki, bu qara dəlik məhz elə şəkildə yaranıb ki, görünür, kainatın ilkin dövrlərindəki ilk fövqəlsürətli qara dəliklər də belə yaranıb: maddənin sıxlaşmış topasının çökməsi nəticəsində.
Yaxın vaxtlarda kosmosda olduqca nadir təsadüf nümunəsi müşahidə edilib: iki disk formalı qalaktika demək olar ki, “üz-üzə” toqquşub, hər biri bu toqquşmanın nəticəsində öz ətrafında halqa formalaşdırıb və nəticədə astronomlara bayquş gözlərini xatırladan mənzərə yaranıb. İndi isə kainatın dərinliklərində bu vəziyyətə çox bənzər başqa bir hadisə tapılıb, özü də daha maraqlı. Alimlər bu barədə arXiv.org preprint serverində yerləşdirilən məqalədə danışıblar.
Bu yeni qalaktikanın xarakterik formasına görə astronomlar onu “Sonsuzluq işarəsi” — ∞ galaxy adlandırmağa qərar veriblər. Ondan gələn işıq bizə təxminən səkkiz milyard il ərzində çatıb. Deməli, biz onu hələ kainatın nisbətən gənc dövründə — Böyük Partlayışdan beş milyard il sonra necə olubsa, elə o şəkildə görürük.
Bu qalaktikanın iki nüvəsi var, onları bir-birindən cəmi 30 min işıq ili ayırır. Bu, təxminən Süd Yolu ilə onun ən böyük peyk qalaktikası olan Böyük Maqellan Buludu arasındakı məsafədən beş dəfə azdır. Əslində “Sonsuzluq işarəsi” iki ayrı qalaktikadır ki, onlar da bir-birilə toqquşub və halqa formasını alıblar, buna görə də tərs səkkizlik işarəsinə bənzəyirlər.
Hər halda, hər nüvədə fövqəlsürətli qara dəliyin mövcud olduğu güman edilir. Onların kütləsi dəqiq göstərilmir, lakin məlumdur ki, hər ikisi ətrafdakı maddəni çox aktiv şəkildə udur — bu, qalaktik nüvələrdən gələn parlaq şüalanmadan görünür.
Alimlərin vurğuladığı kimi, bu iki mərkəzi qara dəliyin mövcudluğuna inam vacib bir səbəbə görə önəmlidir: “toqquşan” halqaların təmas nöqtəsində, qalaktikaların iki nüvəsi arasında üçüncü fövqəlsürətli qara dəlik müşahidə olunur. Beləliklə, qarşımızda “üçqat” qalaktika var demək olar.
Əvvəlcə elə güman edilirdi ki, ortada yerləşən bu qara dəlik sadəcə toqquşma nəticəsində yerini dəyişmiş iki qara dəlikdən biridir. Lakin məlum oldu ki, hər iki qara dəlik yerində qalır, o zaman yeni versiya irəli sürüldü: “əlavə” fövqəlsürətli qara dəlik ulduzların birləşməsi nəticəsində yox, böyük miqdarda qazın sıx topa şəklində birbaşa çökməsi nəticəsində yaranıb. Bu versiya inandırıcı görünür, məsələn, ona görə ki, qarşılıqlı toqquşan zərbə dalğaları həqiqətən də çox sıx maddə topası formalaşdırıb.
Bu versiyanı yoxlamaq üçün tədqiqatçılar işığın spektrindəki xüsusiyyətlərə əsaslanaraq həmin qara dəliyin və onun ətrafındakı qazın fırlanma sürətini ölçməyə çalışdılar. Onlar izah etdilər ki, əgər bu qara dəlik qalaktikalararası maddənin sıx topası içində doğulubsa, onun və ətrafındakı qazın fırlanma sürətləri təxminən eyni olmalıdır. Və doğrudan da belə olduğu ortaya çıxdı.
Alimlər uzun müddətdir ki, qalaktikalardakı fövqəlsürətli qara dəliklərin maddənin birbaşa çökməsi nəticəsində yarana biləcəyini sübut etməyə çalışırlar. Bu ssenari son illərdə müşahidə olunan bir çox faktları yaxşı izah edir: Böyük Partlayışdan cəmi bir neçə yüz milyon il sonra qalaktikalar artıq kifayət qədər kütləvi idi və böyük nüvələrə malik idilər. Kütlənin ulduzların birləşməsi və udulması yolu ilə yığılması bu qədər qısa vaxtda belə nəticəni vermək üçün çox yavaş prosesdir.
Mənbə:naked science
Tərcümə etdi: Fatimə Umarbəy
