Bu gün:

"Yuxu iflici" nədir və problemin həlli


CNN-nin araşdırmasına əsasən, 2005-ci ildə yuxudan oyanarkən nə danışa, nə də hərəkət edə bilən Cəlal adlı şəxs başına gələnləri belə xatırlayır: “Mənə elə gəlirdi ki, sanki bütün kainatın şəri otağımda cəmləşib. Bədənim hərəkətsiz idi, görünməyən bir varlıq ayaqlarımı qaldırıb endirirdi. Məni boğurdu və öləcəyimə əmin idim”.

Bu hadisə onun həyatını dəyişib və Cəlal bu qəribə fenomeni araşdırmaq üçün müxtəlif ölkələrdə tədqiqatlara başlayıb. Hal-hazırda Harvard Universitetinin psixologiya fakültəsində çalışan alim yuxu iflici üzrə aparıcı mütəxəssislərdən biridir.

Alimlərin izahına görə, bu hal REM (sürətli göz hərəkəti) yuxusu fazasına keçid zamanı beynin oyanması, lakin bədənin hələ də iflic vəziyyətində qalması ilə baş verir. REM fazası əsasən canlı yuxuların görüldüyü, ürək döyüntüsü və nəfəsin sürətləndiyi bir mərhələdir. Bu mərhələ yaddaş, əhval və immun sistem üçün mühümdür.

REM zamanı bədən iflic vəziyyətində olur ki, insanlar yuxuda etdiklərini real həyatda etməsinlər. Yuxu iflicində insan şüurlu şəkildə oyanır, amma bədən hələ də hərəkətsiz qalır. Bu zaman hallüsinasiyalar da baş verə bilər – sanki otaqda kimsə var, kiminsə nəfəsi duyulur və ya fiziki təmas hiss olunur. Cəlalın qeyd etdiyinə görə, bu halı yaşayanların 90 faizi bu təcrübəni qorxunc hesab edir.

Maraqlıdır ki, mədəniyyətlər bu fenomeni fərqli şəkildə izah edir. Məsələn, Misir və İtaliyada insanlar bu halı cadugərlərlə və cinlərlə əlaqələndirirlər. ABŞ, Danimarka və Polşada isə daha rasional izahlar verilir və daha az qorxu müşahidə olunur.

Cəlalın tədqiqatlarına əsasən, bu vəziyyətdən çıxmağın bir neçə yolu var: yuxu rejimini qorumaq (gecələr 7–9 saat yatmaq), stressi azaltmaq (meditasiya, nəfəs məşqləri) və lazım gələrsə, dərman müalicəsi. O, həmçinin “meditasiya-relaksasiya terapiyası” adlandırdığı üsulu tətbiq edərək bu epizodların sayını azalda bilib. Bu üsul aşağıdakı addımları əhatə edir:

1. Hadisənin təhlükəli olmadığını özünə xatırlat; bunun müvəqqəti və yayğın hal olduğunu düşün.

2. Hadisədən emosional məsafə götür; beyninin oyun oynadığını başa düş.

3. Müsbət şeylərə fokuslan: sevdiyin bir insanı təsəvvür et və ya dua et.

4. Əzələlərini boşalt və tərpənməyə çalışma; bədəni hərəkətə məcbur etmək hallüsinasiyaları artıra bilər.

Cəlal əlavə edir ki, bioloji mexanizmləri öyrənmək və elmi məlumatlara əsaslanmaq insanın bu hallarla mübarizəsinə kömək edir.

Mənbə: CNN

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et