Bu gün:

Alishan dəmir yolu


Tarixə şahidlik edən Alishan Meşə Dəmir Yolu bir zamanlar tayfunlar və zəlzələlərlə sarsılıb. İndi isə yenidən fəaliyyətə başlayıb, dağ kəndlərini canlandırır, yerli aborigen irsini qeyd edir və Tayvanda yavaş səyahət anlayışını yenidən formalaşdırır.

Onun bərpası üçün ən həvəsli tərəfdarlardan biri Böyük Britaniyanın Tayvandakı keçmiş nümayəndəsi Maykl Reyli olub. O, həm də Uelsdə yerləşən Welshpool və Llanfair Yüngül Dəmir Yolunun katibidir. Elə buna görə də, 2022-ci ildə Alishan Meşə Dəmir Yolu həmin Uels dəmir yolu ilə rəsmi bacı-qardaş elan olunub. Bu birlik Tayvanda istifadə olunub, indi isə Uelsin dağlıq bölgələrində turistləri daşıyan bir dizel lokomotivi hədiyyə edilməsi ilə möhür vurulub.

Tayvana beynəlxalq səfər edən turistlərin sayı durmadan artdığı və yeni aviareyslər açıldığı üçün Tayvan Dəmir Yolu İdarəsinin bu layihəni niyə dəstəklədiyini anlamaq çətin deyil. Çünki bu cür layihələr Tayvanın daha az tanınan bölgələrini tanıtmaq üçün imkandır. Nəticədə turistlərə yalnız Taypey şəhərinin göylərə yüksələn 101 qülləsi və məşhur gecə bazarları deyil, Tayvanın daha dərin qatları da təqdim olunur. Ancaq bu dəmir yolu yalnız turist qatarı deyil, Tayvanın tarixini anlamaq üçün bir pəncərədir və bu, ölkənin Yaponiyanın müstəmləkəsi olmasından başlayır.

1900-cü ildə, Tayvanın Yaponiyanın müstəmləkəsi olmasından beş il sonra yapon mühəndis Toyoci İida Alishan dağlarının qiymətli ağaclarını limanlara daşımaq üçün bu çətin dağ yolunu planlaşdırıb. 1907-ci ildə ilk hissələr tikilib və amerikalı istehsalı olan “Shay” lokomotivləri bu ağacları daşımağa başlayıb. Bu lokomotivlər o qədər güclü olub ki, bu dağlarda spiral və zigzag yollarla tonlarla ağacı daşıyıblar. Hətta onlardan biri Ginnesin Rekordlar Kitabına “dünyanın ən uzun dəmir yolu spiralı” kimi daxil olub. Dulishan Spiralı adlanan hissənin başlanğıcı ilə sonu cəmi 570 metr məsafədədir, lakin 233 metrlik hündürlük fərqi var. Bu səbəbdən qatarlar bu hissəni keçmək üçün düz xətlə cəmi 570 metr gedə biləcəkləri halda, 5 km-lik burulğan yol getməli olurlar. Alishan dəmir yolu mühəndisliyinin digər möcüzələrinə isə meşə dərələrindən keçən çoxsaylı körpülər və torpaq sürüşməsi təhlükəsi olan dağlarda qazılmış tunellər daxildir.

1908-ci ildə bu yolu maliyyələşdirən yapon şirkəti maddi problemlərə görə tikintini dayandırıb. 1912-ci ildə isə Tayvanın müstəmləkə hökuməti işləri öz üzərinə götürüb. 1920-ci ildə sərnişin daşımalarına başlanıb, amma əsas yük yenə də ağac olub. 1960-cı illərdə isə ağaca olan tələbat azaldığı üçün dəmir yolunun fəaliyyəti zəifləməyə başlayıb. 1976-cı ildə böyük yanğın, 1999-cu ildə isə Jiji zəlzələsi bu az sayda qalan sərnişin daşımalarına ciddi ziyan vurub. Amma ən böyük zərbəni 2009-cu ildəki Morakot tayfunu endirib və dəmir yolu tamamilə bağlanıb. Buna baxmayaraq, 1907-ci ildə ilk buxar qatarlarının yola çıxdığı Çiyay şəhərindən 2216 metr yüksəklikdəki Alishan Stansiyasına qədər olan tam 71 km-lik marşrutun bərpası üçün çağırışlar heç vaxt susmayıb. Bu dəmir yolu marşrutu yolboyu yaşayan yerli tayfalar üçün həyat xətti olub məktəbə, həkimə, bazara getmək üçün onlara bu yol lazım olub. Turistlər də yolun işləyən hissələrində səyahət etməyə davam ediblər.

2013-cü ildə Tayvan Dəmir Yolu İdarəsi və Meşə İdarəsinin dəstəyi ilə qismən fəaliyyət bərpa olunub. 2019-cu ildə isə Tayvan Mədəniyyət Nazirliyi bu marşrutu ölkənin turizm xəritəsində daha da irəli çıxarmaq məqsədilə “Alishan Meşə və Dəmir Yolu Mədəni Mənzərəsi” layihəsini elan edib. Restorasiya işləri davam edib və nəhayət, 2024-cü ilin yazında yol tamamilə yenidən açılıb. 29 aprel 2024-cü ildə ilk sərnişin qatarı relslərə geri dönüb. Sərv qoxulu Alishan meşələrindən keçərkən bu mühəndislərin niyə belə əziyyət çəkdiyini anlamaq asandır. Bu alp marşrutu 50 körpü və 77 tuneldən ibarətdir. İlk dayanacaqlardan biri Lumachan olub. Bir vaxtlar tütün istehsalının mərkəzi olan bu yer indi düyü tarlaları ilə əhatə olunub. Dəmir yolu tənəzzülə uğrayanda stansiya da, yaxınlıqdakı tütün anbarları da xarab olub. Amma indi yeni, naxışlı dam örtüyü ilə bəzədilən parlaq stansiya turistləri yaxınlıqdakı Tütün Mədəniyyət Parkına aparır. Daha irəlidə Fenqihu stansiyası yerləşir. Keçmişdə bura tamamilə dəmir yolu işçilərinin yaşadığı bir kənd olub. “Fenqihu əvvəl daha gur idi”- deyir kənd sakini Li Mao-Sonq, onun babası vaxtilə burda kömür daşıyıb. İndi isə dəmir yolunun yenidən fəaliyyətə başlaması kəndə yeni nəfəs verib. Peronun sonunda bərpa edilmiş buxar lokomotivi və dəmir yolu tarixindən bəhs edən sərgi yerləşir. Bura bir saatlıq fasilə verir, sərnişinlər isə yağış meşələrinin içindən keçən dağ yollarında gəzintiyə çıxırlar.


Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et