Zəhərli dərə effekti adlanan bu hal insanların insanabənzər robotlarla və ya kuklalarla qarşılaşanda yaşadıqları narahatlıq hissidir. İyrənmə və vahimə təkcə oxşarlıqdan yox, kifayət qədər realistik olmamaqdan qaynaqlanır. Məsələn, insana xas olmayan bədən və üz hərəkətləri buna səbəb olur.

Bu fenomen, adətən, müxtəlif sahələrdə araşdırılıb: robototexnika, video oyunlar, tədris simulyatorları və üçölçülü animasiya. Dizayner məqsədindən asılı olaraq bu effektdən yayınmağa və ya onu qəsdən istifadə etməyə çalışa bilər (məsələn, qorxu filmlərində və ya horror janrında oyunlarda müəyyən reaksiya yaratmaq üçün).
Bu termini ilk dəfə yapon robototexnik Masahiro Mori 1970-ci ildə yazdığı “Bukimi no Tani” (“Zəhərli dərə”) adlı essedə təqdim edib. O, bu məqalədə robotlarla bağlı qorxu dərəsindən bəhs edib, o dövrdə hazırlanmış elektron əl protezlərinin onda və digər insanlarda narahatlıq və iyrənmə hissi yaratdığını qeyd edib.
Əvvəlcə Mori-nin fikri yalnız robototexnika ilə bağlı olub, lakin sonralar onun təqdim etdiyi termin hər cür insanabənzər varlıq dizaynlarına aid edilməyə başlayıb. Öz essesində yapon robototexnik belə bir fikir irəli sürüb ki, insanlara bənzəyən robotlar bizi o vaxta qədər qorxutmağa davam edəcək ki, bəşəriyyət bu zəhərli dərəni aşaraq insanabənzər varlıqları tam identik şəkildə yarada bilsin.
Uzun müddət zəhərli dərə effekti təsdiqlənməmiş konsepsiya kimi qəbul edilib, lakin son illərdə tədqiqatçılar bu dərənin mövcudluğunu sübut edən daha çox dəlil tapıblar. Məsələn, 2013-cü ildə Computers in Human Behavior jurnalında dərc olunmuş bir araşdırma rəqəmsal formatda yaradılmış, insana bənzəyən üzlərin qorxulu hisslər yaratdığını sübut edib. Bu araşdırma insanabənzər fiqurların qəfil narahatlıq yaratmasının zəhərli dərə effekti ilə əlaqəli olduğunu təsdiqləyib. Bundan əlavə, 2018-ci ildə Helsinki Universitetinin alimləri müəyyən ediblər ki, hələ heç bir robot bu dərəni keçə bilməyib və texnologiyaların inkişafı ilə bu qorxu effekti daha da güclənib.
Biz bütün robotlardan yox, yalnız özümüzlə səhv salınacaq qədər insana bənzəyənlərdən qorxmuşuq. Belə realistik varlıqları görəndə beynimiz sanki onun insan olub-olmadığını yoxlamağa başlayıb və qeyri-təbii davranış əlamətləri aşkarlayanda müdafiə mexanizmini işə salaraq qorxu hissi yaradıb.
Mənbə: www.techinsider.ru
Tərcümə etdi: Fatimə Kərimli
