
Plasebo (latınca tərcüməsi — «xoşuma gələcək») — hər hansı bir terapevtik təsiri olmayan tibbi preparat və manipulyasiyaların ümumi adıdır. Sadə dillə desək, nə fayda, nə də zərər gətirən vasitələrdir — məhz buna görə də tibbi jarqonda plaseboya «boş vasitə» deyilir.
«Plasebo» deyəndə adətən bir həb təsəvvür olunur, lakin əslində onun növləri xeyli çoxdur. Bunlar aktiv olmayan preparatlarla edilən iynələr, söndürülmüş cihazlarla fizioterapiya və hətta cərrahi müdaxilələrin imitasiyası ola bilər — pasiyentə narkoz verilib tikiş qoyulub, amma başqa heç bir əməliyyat yerinə yetirilməyib.
Hələ XVI əsrdə müasir təbabətin banilərindən biri olan fransız cərrah Ambruaz Pare müalicənin «bəzən sağaltmalı, tez-tez vəziyyəti yüngülləşdirməli və həmişə xəstəni təsəlli etməli» olduğunu yazıb. Elə həmin dövrdə fransız filosof Mişel Monten də «elə insanlar var ki, onları təkcə dərman görüntüsü belə sağaldır» deyib. Lakin plasebo anlayışı tibbi praktikaya yalnız iki əsr sonra daxil olub — bu termini ilk dəfə şotlandiyalı mamalıq mütəxəssisi Uilyam Smelli istifadə edib, və doğuş edən qadınlara «ağrını yayındırmaq üçün hər hansı zərərsiz və xoş bir saxta dərman, plasebo» verməyin pis olmayacağını təklif edib. Tədricən XVIII əsrdə həkimlər və əczaçılar xüsusilə həssas pasiyentlərə şirin həb və ya əksinə duzlu su yazıb, sağalacaqlarına inandırıblar. Tez-tez bu da işə yarayıb.
Amma XVIII və XIX əsrlərdə plasebo tibbi praktikada geniş yayılmayıb: hökm sürən xristian əxlaqı səbəbindən xəstəni aldadıb «boş vasitə» vermək qeyri-etik sayılıb. Hər şey XX əsrdə, tibbi elmin inkişafı ilə dəyişib: alimlər üçün plasebonun klinik tədqiqatlar üçün əvəzolunmaz alət olduğu aydın olub. 1940-cı illərdə İtaliya cəbhəsində çalışan amerikalı anestezioloq Henri Biçer, morfin çatışmazlığı şəraitində əsgərlərə fizioloji məhlul vurub. O, təəccüblə müşahidə edib ki, halların 40%-də ağrı doğrudan da azalıb. Biçer müşahidələrinin nəticələrinə əsaslanaraq məşhur «Hər şeyə qadir plasebo» adlı kitabını yazıb və orada ilk dəfə «plasebo effekti» terminindən istifadə edib.
Başqa bir nəzəriyyə isə plasebo effektinin gözləntilər nəzəriyyəsindən qaynaqlandığını deyir. Bu, psixoloji konsepsiyadır və əsas ideyası ondan ibarətdir ki, insan motivasiyasının və uğurunun əsasında — konkret hərəkətlərin konkret nəticələrə gətirib çıxaracağına olan inam dayanır. Praktikada bu belə görünür: pasiyent klinikaya gedib, həkimin tövsiyələrini yerinə yetirib, dərman qəbul edib və müxtəlif prosedurlardan keçib — bütün bunların vəziyyətini yaxşılaşdıracağına inanıb. Nəticədə psixikanın özünütənzimləmə mexanizmləri işə düşüb və doğrudan da arzulanan nəticəyə çatmağa kömək edib. Araşdırmalar da bunu təsdiqləyib ki, əgər həkim plaseboya dəstək veribsə — yəni pasiyentə «boş vasitə»dən sonra nə qədər yaxşı hiss edəcəyini ətraflı danışıb, ümumiyyətlə, həvəs və dəstək nümayiş etdiribsə — plasebo effekti əhəmiyyətli dərəcədə güclənib.
Plasebodan istifadənin nə dərəcədə etik olduğu barədə mübahisələr onun icad olunduğu gündən bu günə qədər səngiməyib. Xüsusilə klinik tədqiqatlar kontekstində: bir çoxlarına ədalətsiz görünür ki, iştirakçıların bir qismi potensial effektiv dərman alır, digərləri isə «boş vasitə».
Maraqlıdır ki, plasebonun əks effekti də var — buna «nocebo» deyilir. Təsiri isə tam əksinədir: insan «boş vasitə» qəbul edərək ürəkbulanma, başgicəllənmə kimi müxtəlif xoşagəlməz simptomlar yaşayıb. Həkim praktikasında plasebo və nocebo effekti — pasiyentin sinir sisteminin və müalicəyə münasibətinin göstəricisi olub. Mənfi əhvalda olan insan «boş vasitə» qəbul edəndə, çox güman ki, onu nocebo kimi qəbul edib, özünü getdikcə daha pis hiss edib — və eyni hal adi müalicə zamanı da baş verə bilər.
Eyni zamanda insan təxəyyülünün gücü doğrudan da sərhədsiz olub: sübut olunub ki, hətta insan «boş vasitə» qəbul etdiyini bildiyi halda belə, müsbət effekt hiss edə bilib. Axı əsas məsələ pozitiv düşüncədə olub — plasebonun sehrli gücü əslində məhz bu inam üzərində qurulub.
Mənbə: www.forbes.ru
Tərcümə etdi: Fatimə Kərimli
