Qara ölüm o qədər dağıdıcı olub ki, bu barədə ümumi məlumata malik olan elm adamlarını belə təəccübləndirib. Epidemiya Avropa əhalisinin 30-50 faizini məhv edib.

Xəstəlik 1348-ci ildə Londona çatıb, oradan sürətlə yayılıb. Yoluxmuş şəxslər yüksək hərarət və irinli şişlər əmələ gəldikdən sonra bir neçə gün içində ölüblər.
Vəba ailələrdən başlayaraq bütün şəhərlərə qədər geniş miqyasda yayılıb və böyük insan itkilərinə səbəb olub. Uzun müddət xəstəlik hamını bərabər şəkildə öldürüb deyə düşünülüb. Lakin antropoloq Şeron DeVitte araşdırmalar apararaq vəba qurbanlarının skeletlərini digərləri ilə müqayisə edib, onun selektiv ola biləcəyini göstərib.
O dövrdə xəstəliyin səbəbi məlum olmayıb. Bəziləri bunu ilahi cəza kimi yorumlayıb, digərləri yəhudiləri və əcnəbiləri günahlandırıb. Şəhərlər özlərini təcrid edib, insanlar bir-birindən uzaqlaşıblar. Qorxudan ailələr dağılaraq, xəstələr tərk ediliblər. Dini şəxslərdən başqa çox az adam xəstələrə yardım edib. Bəzən xəstə evlər içindəkilərlə birlikdə yandırılıb. Qəbiristanlıqlar dolduğuna görə yeniləri yaradılıb.
Bu epidemiya təkcə sağlamlıq böhranı yox, həm də iqtisadi və sosial sistemlərin çökməsinə səbəb olub. Əməkçi sinfin ölümü kənd təsərrüfatını zəiflədib, tarlalar biçilmədən qalıb, heyvanlar baxımsızlıqdan ölüb. İqtisadiyyat iflic vəziyyətinə düşüb.
Vəba üç formada yayılıb – bubonik, pnevmonik və septisemik. Bütün formalar Yersinia pestis bakteriyası ilə əlaqələndirilib. Bakteriya həm siçanlarla, həm də insan əlaqəsi ilə yayılıb. Müalicə olunmadıqda xəstəlik çoxlarını öldürüb.
DeVitte və tədqiqatçılar vəba qurbanlarının skeletlərini araşdırıb, bu xəstəliyin genetikaya və insan sağlamlığına təsirlərini göstəriblər. Qara ölümün yaratdığı kütləvi ölümlər insan təkamülünə də təsir etmiş olub.
Son araşdırmalar göstərib ki, Rroma mənşəli icmalarla rumın avropalılar arasında genetik fərqlər mövcud olub. Bu fərqlər onların pandemiyalara fərqli immun reaksiya göstərmək imkanlarını açıq şəkildə göstərib.
Mənbə: American Scientist
Tərcümə etdi: Arzu Qafarova
