Apple şirkətinin 1983-cü ildə təqdim etdiyi Lisa adlı kompüterin adı əslində Steve Jobs-un 1978-ci ildə doğulan qızı Lisa Brennan ilə bağlı olub. Lakin Jobs bu əlaqəni gizlətmək üçün maraqlı bir yola əl atıb.
Belə ki, Apple şirkəti Xerox PARC-dan ilhamlanaraq yeni kompüter layihəsi üzərində çalışarkən layihəyə “Lisa” kod adını verib. Məhsul təqdim edilərkən media nümayəndələri və ictimaiyyət “Bu adın xüsusi mənası varmı?” deyə soruşmağa başlayanda Jobs bunu ustalıqla gizlətməyə çalışıb. O, “Bəli, bu bir qısaltmadır” deyərək vəziyyətdən yayınmağa çalışıb. Apple-ın marketinq komandası da dərhal “Local Integrated Software Architecture” (bəzi mənbələrdə “System”) ifadəsini uyduraraq ictimaiyyətə təqdim edib.
Əslində mühəndislər bu açıqlamanın süni olduğunu başa düşərək öz zarafatlarını ediblər: “Lisa” – “Let’s invent some acronym” (Gəlin, bir qısaltma uyduraq) və ya daha sərt formada “Lisa: invented stupid acronym” (Uydurma, mənasız qısaltma). Yəni, əslində, hər hansı rəsmi qısaltma mövcud deyildi; Jobs sadəcə qızına işarə verdiyini gizlətmək istəyirdi.
Maraqlıdır ki, dilçilikdə bu cür sonradan yaradılan qısaltmaların xüsusi adı var: backronym (Azərbaycan dilində buna “bakronim” və ya “geri qısaltma” deyilir). Normal halda qısaltma yaratmaq üçün əvvəlcə ifadə seçilir, sonra baş hərflərindən bir söz düzəldilir (məsələn, NASA). Backronym isə bunun əksidir: əvvəl söz mövcud olur, daha sonra isə “Bunun baş hərfləri nəyi ifadə edə bilər?” deyə sonradan açıqlama uydurulur.
Gündəlik həyatdan bəzi tanınmış backronym nümunələri:
Bing – “Because it’s not Google” – əslində uydurmadır.
Adidas – “All day I dream about sports” – əslində uydurmadır.
SOS – “Save Our Souls/Ships” – əslində yalnız Mors siqnalı üçün bir işarədir və mənası yoxdur.
Apple-ın Lisa modeli ticarət baxımından uğursuz olub, lakin o, qrafik interfeys texnologiyasının (GUI) inkişafında böyük rol oynayıb və Macintosh üçün zəmin yaradıb. İllər sonra belə Lisa kompüteri texnologiya dünyasında ən məşhur "backronym" nümunələrindən biri kimi xatırlanır.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
