
Heyvanlarla birgə yaşamaq immun sistemimizə güclü təsir göstərə bilər – allergiya, ekzema və hətta autoimmun xəstəliklər riskini azalda bilər.
Amishlər 18-ci əsrdə Mərkəzi Avropadan Şimali Amerikaya köçdükləri vaxtdan bəri unikal həyat tərzləri ilə tanınırlar. Onlar bu gün də əsrlərlə öncəki kimi südçülüklə məşğul olur, at arabalarından istifadə edirlər. Amishlər uzun illərdir ki, Hollivud ssenaristləri, sənədli film istehsalçıları və sosioloqların maraq mərkəzindədir. Amma son 10 ildə onların həyat tərzi tibbi cəmiyyətin də diqqətini çəkib. Çünki onlar müasir dövrdə artan bir problemi – uşaq yaşlarında başlayan immunla bağlı xəstəliklərin artımını – yaşamırlar.
Bu fakt immun sistemimizin necə işlədiyinə və heyvanların burada hansı rolu oynadığına dair maraqlı məlumatlar verir.
Müxtəlif cəmiyyətlər
Amishlərin bəzi immun xəstəliklərini niyə daha az yaşadığını anlamaq üçün bir qrup alim 2012-ci ildə ABŞ-ın İndiana ştatında yaşayan Amish cəmiyyəti və Cənubi Dakota ştatında yaşayan digər bir fermer icması – Hutteritlərlə araşdırma aparıblar. Hər iki qrupdan 30 uşağın qan nümunələri götürülərək immun sistemləri detallı şəkildə öyrənilib.
Amishlər və Hutteritlər arasında bir çox oxşarlıqlar var: hər ikisi Avropa mənşəlidir, havanın çirkliliyinə az məruz qalırlar, qidalanmaları əsasən təbii məhsullara əsaslanır. Amma Hutterit uşaqlarında astma və allergiya halları Amishlərlə müqayisədə 4-6 dəfə daha çoxdur.
Əsas fərqlərdən biri odur ki, Hutteritlər sənayeləşmiş kənd təsərrüfatını tam qəbul ediblər, Amishlər isə yox. Amish uşaqları heyvanlarla sıx təmasda böyüyür, bu da onların müxtəlif mikroblara daha erkən yaşda məruz qalmasına səbəb olur.
İrlandiyanın Kork Universitet Kollecinin professoru Fergus Şanahan deyir: “Əgər Amish kəndlərini və Hutterit icmalarını dronla yuxarıdan çəkilmiş fotolardan müqayisə etsəniz, Amishlər heyvanlarla eyni həyət daxilində yaşayırlar. Amma Hutteritlər kəndciyində yaşayır, fermalar isə bir neçə kilometr uzaqda yerləşir.”
“Mini-ferma effekti”
2016-cı ildə ABŞ və Almaniyadan olan alimlər Amish uşaqlarının daha az allergiyaya meyilli olduğunu sübut edən araşdırma dərc etdilər. Bu uşaqların immun sistemi daha inkişaf etmiş “tənzimləyici T-hüceyrələrə” sahib idi. Bu hüceyrələr həddindən artıq immun reaksiyalarını azaldır. Ev tozlarından götürülən nümunələrdə də Amish uşaqlarının daha çox mikrobla təmasda olduğu sübut edildi.
Dünyanın başqa yerlərində də oxşar nəticələr alınıb. Məsələn, Alp dağlarındakı fermalarda böyüyən uşaqların astma, saman zökəmi və ekzema risklərinin azaldığı müşahidə edilib. Bəzi tədqiqatlar göstərib ki, uşağın həyatının ilk illərində evdə daha çox ev heyvanının olması, yeddi-doqquz yaşlarında allergiya riskini xeyli azaldır – bu “mini-ferma effekti” adlanır.
San Dieqoda yerləşən Kaliforniya Universitetinin professoru Cek Gilbert bildirir: “Fermada böyüyən uşaqların astma və allergiya inkişaf etdirmə ehtimalı 50% azalır. Əgər yalnız itlə böyüsəniz belə, risk 13-14% aşağı düşür.”
Qoruyucu heyvanlar
Amishlərlə bağlı araşdırmadan sonra heyvanlarla uşaq yaşlarından təmasda olmanın immun sistemə təsiri böyük maraq doğurdu. Hətta “The New York Times” sual verdi: “Ev heyvanları yeni ‘probiotik’midir?”
Heyvanlarla yaşadıqda onların tükləri və pəncələrindən olan mikrobların dərimizə keçdiyi müəyyən olunub. Bu isə mikrobların – xüsusən bağırsaqlarımızda yaşayan mikroorqanizmlərin (mikrobiomun) heyvanlar vasitəsilə dəyişə biləcəyini düşündürür.
ABŞ-ın Viskonsin Universitetindən professor Nasia Safdar bildirir ki, bu ideya heyvan qidası sənayesində də maraq doğurub. Məqsəd, it və pişiklərdə faydalı bakteriyaların inkişafını stimullaşdıran məhsullar hazırlamaq və bu bakteriyaların sahiblərinə keçməsini təmin etməkdir.
Safdar gələcəkdə sahiblə ev heyvanının bağırsaq mikroblarının zamanla bir-birinə yaxınlaşıb-yaxınlaşmadığını araşdırmaq üçün klinik müşahidə aparmağı planlaşdırır. O, ev heyvanı ilə sahib arasında bakteriyaların ötürülməsinin mümkünsüz olmadığını düşünür.
Gilbert isə bu bakteriyaların bizim mikrobiomumuza uzun müddət yerləşmədiyini bildirir: “İtlərin bakteriyaları bizim dərimizdə, ağzımızda və bağırsağımızda uzun müddət qalmır.”
Buna baxmayaraq, Gilbert ev heyvanlarının başqa bir – bəlkə də daha əhəmiyyətli – rolu olduğunu düşünür: insanın immun sistemi tarixən at, inək və it mikroblarına uyğunlaşmışdır. Bu mikroblar orqanizmdə qalmasalar da, immun sistem onları tanıyır və müsbət reaksiya verir.
Gilbert deyir: “Min illər boyu insan immun sistemi it, at və inək bakteriyalarına alışıb. Onları görəndə düzgün immun reaksiya baş verir.”
Araşdırmalar göstərir ki, eyni evdə yaşayan insanlar və onların ev heyvanları oxşar bağırsaq mikroblarına malik olur. Heyvanlar həm də evdəkilərin mikroblarını bir-birinə ötürə bilər. Heyvanların öz mikroblarına tez-tez məruz qalmaq da immun sistemimizi aktiv saxlayır və faydalı bakteriyaların artmasına şərait yaradır.
Bu, heyvansevərlər üçün yaxşı xəbərdir: tədqiqatlar göstərir ki, həyat boyunca ev heyvanı ilə yaşamaq immun sistem üçün faydalıdır.
İrland səyahətçiləri və qədim mikrobiom
Amish və Hutteritlərlə bağlı tədqiqatdan sonra Şanahan İrlandiya səyahətçiləri – dar məkanlarda bir çox heyvanla birgə yaşayan kənarlaşdırılmış icma – üzərində araşdırma apardı. Onların mikrobiomu ilə müasir irlandların və Fici, Madaqaskar, Monqolustan, Peru və Tanzaniyada hələ də ovçu-toplayıcı həyat tərzi ilə yaşayan yerli xalqların mikrobiomunu müqayisə etdi. Nəticədə səyahətçilərin mikrobiomunun qədim insanlara daha çox bənzədiyi məlum oldu.
Şanahan düşünür ki, bu səbəbdən səyahətçilər arasında autoimmun xəstəliklər – iltihabi bağırsaq xəstəlikləri, Kron, kolit, skleroz və digər xəstəliklər – olduqca azdır. Onun sözlərinə görə: “Bu onların ümumi sağlam olduqları anlamına gəlmir. Onlar daha erkən yaşda vəfat edirlər – amma səbəb yoxsulluq, marginalizasiya və mədəniyyət itkisi kimi sosial problemlərdir. Amma İrlandiyalı revmatoloqa ‘Heç sistemik lupuslu səyahətçi görmüsünüzmü?’ sualını versəniz, ‘heç vaxt’ deyəcək.”
Gələcəkdə heyvanlarla daha çox təmas?
Tədqiqatçılar indi həyat boyunca heyvanlarla təmasda olmağın sağlamlığa təsirini araşdırmağa davam edirlər. Arizonadakı tədqiqatçılar kimsəsiz itləri yaşlı insanlara sahibləndirməklə onların immunitetini gücləndirib-fiziki və psixoloji sağlamlıqlarını yaxşılaşdırmağın mümkün olub-olmadığını öyrənirlər. İtaliyadakı bir araşdırma isə heyvanla təması olmayan uşaqların atları mütəmadi sığalladığı zaman onların bağırsaq mikroblarının faydalı maddələr istehsal etdiyini göstərdi.
Gilbert deyir: “Əgər siz daha çox mikrobla qarşılaşırsınızsa, immun sisteminiz müxtəlif yollarla stimullaşır və nəticədə dərinizdə və bağırsaqlarınızda olan mikrobları daha yaxşı idarə edə bilir.”
İmmunoloq Liam O’Mahony də əlavə edir ki, ev heyvanı saxlamaq həyat tərzinizə birbaşa təsir edir: “Məsələn, it saxlamaq sizi daha çox gəzintiyə çıxmağa məcbur edir – bu da mikroblarla təmasınızı artırır.”
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
