Bu gün:

“Necə qorxmuşdumsa, uzun müddət yuxularımda yüksəklikdən yıxılırdım” - aktrisa ilə MÜSAHİBƏ


24Media-nın budəfəki müsahibi Bakı Bələdiyyə teatrının aktrisası, “Həyat varsa”, “Həyat, sən nə qəribəsən”, ”Ata ocağı” kimi seriallarda rol almış Zülfiyyə Qurbanovadır.

Necə oldu ki, sizdə aktrisalığa həvəs yarandı? Ümumiyyətlə, özünüzdəki istedadı nə zaman hiss etdiniz?

 - Mənim incəsənətə uşaqlıqdan həvəsim olub. Əsas da rəssamlığa. Anam İncəsənət Universitetini bitirib, illərlə Mədəniyyət evinin rəhbəri olub. Mən incəsənətlə iç-içə olan ailədə böyüdüyümə görə bu sahəyə gəlməyim nə təsadüf oldu, nə də ki, möcüzə. Mənim bütün uşaqlığım incəsənət adamlarının arasında keçib. Əslində rəssamlığı istəyirdim, amma anidən fikrimi dəyişib başqa qoluna, aktyorluq fakültəsinə sənəd verdim və daxil oldum.

Qeyd edim ki, məni İncəsənət Universitetinə anam hazırlaşdırmışdı. Həm aktyor sənətindən, həm də səhnə danışığından...

 Elə bir aktyor varmı ki, onunla tərəf müqabili olmağı çox istərdiniz?

 - Mən bütün istedadlı aktyor və aktrisalarla həmişə tərəf müqabili olmaq istəmişəm. Robert De Niro, Keyt Blanşett, Morqan Friman və s.

 Hazırda yaradıcılığınızda nə kimi yeniliklər var?

 - Hazırda bütün sahələrdə olduğu kimi bu virus, yəni karantin bizim sahəyə də təsir edib. Bilavasitə də yaradıcılığmıza. Amma buna baxmayaraq dayanmamağa çalışıram. "Qadına şiddətə son" çağırışı altında yeni fotossesiya ərsəyə gətirmişik. Çox gözəl əks-səda doğuran layihə oldu. Bir neçə işlə bağlı planlar var. İnşallah məlum vəziyyət aradan qalxsın, qaldığımız yerdən davam edəcəyik.

Qeyd edim ki, Xəzər TV-nin efirində yayımlanan, 2 ildir ki, bir yerdə çalışdığım "Ata ocağı" serialı ilə hekayəm bitdiyinə görə yollarımızı ayırdıq. İnşallah yeni, gözəl işlərdə yenə görüşərik.

 Çəkilişlərdə başınıza gələn maraqlı hadisələrdən birini bizimlə bölüşə bilərsinizmi?

 - O qədər həyəcanlı və maraqlı əhvalatlar olur ki... Ən çox yadımda qalanı sizinlə bölüşmək istərdim. Xocalı faciəsinə aid qısa film çəkirdik, dağın başına çıxmışdıq. Çıxanda yol gözümə görünmədi. Aşağı enməli olduğumuz vaxt məni dəhşət basdı. Düşə bilmirdim. Mənim yüksəklik qorxum var. Oturub ağlayırdım ki, düşmürəm, qoyun burada qalım, siz gedin. Məni uşaqlar addım-addım düşürdülər. Necə qorxmuşdumsa, uzun bir müddət yuxularımda yüksəklikdən yıxılırdım, qorxudan yuxudan ayılırdım.

Canlandırdığınız mənfi obrazlar, "əxlaqsız qadın" rolları... Heç oynadığınız obrazlara görə sizi qınayanlar olur? Sizin onlara münasibətiniz necədir?

 - Yox, qınayanlar olmadı, fikir söyləyənlər oldu. Bu da çox normaldır. Bir də səmimi desəm, mən insanlarla münasibəti o həddə gətirmirəm ki, pərdəni götürüb, məni qınayıb söz desinlər. Sadəcə fikir bildirə bilərlər, mən də dinləyə bilərəm.

  Siz həm də Azərbaycandan Kann Film Festivalında iştirak edən ilk azərbaycanlı aktrisasınız. Bu barədə danışa bilərsinizmi?

 - 2014-cü ildə Elmar İmanovun qısametrajlı "Torn" filmi ilə Fransanın Kann şəhərində yerləşən Kann Film Festivalında həftəlik proqram çərçivəsində çıxış etdik. Festival yolumuz belə başladı, bu günə qədər də davam edir. 10 günə yaxın festivalda olduq, filmin nümayişi oldu, müsahibələr verdik, film haqqında dünya mətbuatında fikirlər yazıldı, çəkilişlər, fotossesiyalar olundu və s. Bu, çox özəl hissdir. Özünü, sənətini, yaradıcılığını müəyyən pilləyə gətirmək üçün gözəl təcrübədir. Mən işimi sevgi ilə görən adamam, ona görə bütün gördüyüm işlərin uğurla mənə dönəcəyinə həmişə inanmışam.

Keçmişə qayıtmaq kimi bir şansınız olsaydı, hansı günə qayıdıb onu yenidən yaşamaq istərdiniz?

- Beş ay öncəyə qədər olan bütün həyatımı yenidən yaşamaq istəyərdim. Analı günlərimi...

 Nəyi heç vaxt bağışlamazsınız?

 - Dar günümdə mənəvi çarəsizliyimi hiss edib ağrılarımın üstünə ayaq qoyan insanları son nəfəsimə qədər bağışlamaram.

 Kompleksləriniz varmı?

 - Qəti yoxdur. Özümlə barışıq insanam.

 Seçim qarşısında qalsaydınız hansını seçərdiniz, ailə, yoxsa sənət?

 - Bunu bilmirəm. Heç vaxt heç vaxt deməmək lazımdır. Həyatın nə gətirəcəyini bilmirəm.

Aktrisa kimi tanınıb, sevilirsiniz. Bəs bir qadın kimi özünüzü xoşbəxt hiss edirsinizmi?

 - Açığı şikayətlənəcək nələrimsə olmayıb. Normal xoşbəxtliyim olub. Həyat bəzən insanların başına ölüm və ya digər hadisələr gətirir, insanın daxilinə nisgil çökür. Bu da mənim sahəmlə əlaqəli bir şey deyil. Hər kəsin başına gələcək bir şeydir. Qaldı ki, qadın kimi xoşbəxt olmağıma, ona da İnşallah irəlidə nail olaram. "Nadir həyat" filmində deyildiyi kimi: "Mən bu gəmidən xoşbəxt enəcəm!"

Rəqsanə İbrahimzadə

Paylaş
Şərh əlavə et