Bu gün:

Yürüş tempiniz sağlamlıq vəziyyətinizi göstərə bilər


Min illərdir sağlam həyatın ayrılmaz hissəsi kimi tanınan yürüş indi elmi faktlarla da təsdiqlənir. Müasir tədqiqatlar göstərir ki, yalnız addım sayı deyil, yürüş tempi – yəni sürətli yerimək – sağlamlıq və uzunömürlülük baxımından həlledici əhəmiyyət daşıyır.

Uzun müddət ərzində “gündə 10.000 addım” prinsipi sağlamlığın əsas şərti kimi təqdim olunsa da, bu rəqəm 1960-cı illərdə Yaponiyada keçirilən pedometr reklam kampaniyasından qaynaqlanır və elmi əsaslara söykənmir. Yeni tədqiqatlara əsasən, gündə 8.000 addım belə sağlam qalmaq üçün kifayət edə bilər. Üstəlik, bu həddi aşmaqla əldə olunan əlavə faydalar o qədər də nəzərəçarpacaq deyil. Tədqiqatçılar bildirirlər ki, vacib olan yürüşün sürətidir – yəni yavaş yox templi yerimək.

Məsələn, 14 dəqiqəlik adi bir yürüşü 7 dəqiqəlik sürətli yürüşə çevirmək ürək-damar xəstəlikləri riskini 14% azalda bilər. Böyük Britaniyada 450.000 insanın məlumatları əsasında aparılan geniş araşdırma nəticəsində məlum olub ki, sürətli yeriyən şəxslərin bioloji yaşı yavaş yeriyənlərlə müqayisədə orta hesabla 16 il daha cavan olur.

Bundan əlavə, yaş faktoru da bu təsiri məhdudlaşdırmır. Mütəxəssislər qeyd edirlər ki, 60 yaşlı bir insan belə hər gün 10 dəqiqə sürətli yeriməklə ömrünü təxminən 1 il uzada bilər. Bu yürüşün yalnız fiziki sağlamlıq deyil, ömür uzunluğu üzərində də ciddi təsirə malik olduğunu göstərir.

Daha maraqlısı odur ki, templi yürüş bəzən qan təzyiqi, xolesterin səviyyəsi, hətta pəhriz və ümumi fiziki aktivlik kimi faktorlarla müqayisədə sağlamlıq vəziyyətini daha yaxşı proqnozlaşdırır. Yəni bir şəxsin nə qədər sağlam olduğunu öyrənmək üçün "nə yeyirsən?" sualından daha faydalısı "necə yeriyirsən?" sualı ola bilər.

Bununla yanaşı, yürüşün psixoloji faydaları da elmi olaraq sübut edilib. Araşdırmalara görə, yaddaş, təxəyyül və yaradıcı düşüncə ilə əlaqəli beyin bölgələri yürüş zamanı daha fəal olur. Bu da izah edir ki, niyə insanlar yeriyərkən problemlərə daha asan həll tapır və daha yaradıcı düşünür. Xüsusilə təbiətdə yürümək ruh sağlamlığı üzərində daha güclü müsbət təsir yaradır.

Fiziki passivlik müasir dövrün əsas sağlamlıq risklərindən biri hesab olunur. Ürək xəstəlikləri, şəkərli diabet kimi xroniki xəstəliklər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə sürətlə yayılır. Mütəxəssislərin hesablamalarına görə, fiziki aktivlik artırılarsa, hər il təxminən 3.9 milyon erkən ölümün qarşısını almaq mümkündür.


Mənbə: Onedio

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et