Radarın necə işlədiyi sualı, gündəlik həyatımızda texnologiyanın görünməz lakin təsirli köməkçilərindən biri olan radar sistemlərini başa düşmək üçün ən əsas başlanğıc nöqtəsidir. Əslində, radar ətrafımızdakı obyektləri aşkar etməyə və onların məsafəsini və hərəkətini təyin etməyə kömək edən güclü bir vasitədir. Təyyarələrdən avtomobillərə, hava proqnozlarından dəniz tətbiqlərinə qədər bir çox sahədə istifadə olunur. Bu yazıda biz radar texnologiyasının əsas prinsiplərindən başlayaraq onun necə işlədiyini və həyatımızda əhəmiyyətini addım-addım araşdıracağıq.

Radarlar harada yerləşir?
Radarlar həyatımızın bir çox sahələrində mühüm rol oynayan texnoloji cihazlardır. Onlar ətraf mühiti görünməz dalğalarla skan edərək obyektlərin yerini, sürətini və hərəkətini müəyyən edirlər. Bu şəkildə təhlükəsizlik, nəqliyyat və hava proqnozu kimi bir çox sektorda əvəzolunmaz alətə çevriliblər. Bəs, radarlar harada yerləşir? Radarların ən çox istifadə edildiyi sahələr bunlardır:
Aviasiya: Radar sistemləri hava gəmilərinin mövqeyini və sürətini izləmək və hava hərəkətinə nəzarəti təmin etmək üçün hava limanlarında və təyyarələrdə istifadə olunur.
Dənizçilik: Radarlar, xüsusilə pis hava şəraitində və gecə səyahətləri zamanı gəmilərin və qayıqların təhlükəsiz naviqasiyası üçün çox vacibdir.
Hərbi sahə: Radarlar düşmən hədəflərinin və müdafiə sistemlərinin aşkarlanmasında əvəzolunmazdır.
Avtomobil: Müasir avtomobillər toqquşmadan qaçma sistemlərində və avtonom idarəetmə texnologiyalarında radar sensorlarına malikdir.
Hava proqnozu: Hava radarları yağış, tufan və digər hava hadisələrini izləməklə proqnozlar verir.
Bunlardan başqa radar texnologiyası təhlükəsizlik kameralarında, idman yarışlarında top və oyunçu izlənməsində, arxeoloji tədqiqatlarda və hətta kosmosun tədqiqində effektiv istifadə olunur. Radarlar həyatımızı daha təhlükəsiz və rahat edən geniş tətbiq sahəsinə malikdir.
Radarların xüsusiyyətləri nələrdir?
Radarların xüsusiyyətləri istifadə sahələrindən asılı olaraq müxtəlif olsa da, bəzi əsas xüsusiyyətlər bütün radar sistemləri üçün ümumidir. Radarlar ətrafdakı obyektləri aşkar edərkən yüksək dəqiqlik, sürət və etibarlılıq təmin edir. Bu xüsusiyyətlər bir çox fərqli sektorda radar texnologiyasına üstünlük verilməsinin əsas səbəbləridir.
Radarların ən mühüm xüsusiyyətləri bunlardır:
Məsafənin ölçülməsi: Radar obyektlər arasındakı məsafəni millisaniyələrlə ölçə bilər.
Sürətin aşkarlanması: Doppler effekti vasitəsilə cisimlərin hərəkət sürətini dəqiq müəyyən edə bilər.
İstiqamət və mövqe təyinatı: Radar obyektin istiqamətini və mövqeyini dəqiq müəyyən edir.
İşləmə tezliyi: Radarlar müxtəlif tezlik diapazonlarında işləyə bilər; Bu tezliklər tətbiq sahəsindən asılı olaraq dəyişir.
Çox hədəf izləmə: Birdən çox obyekti eyni vaxtda izləyə və ayırd edə bilər.
Ətraf mühit müqaviməti: Radarlar hətta pis hava şəraitində, qaranlıqda və ya görmə qabiliyyəti zəif olan mühitlərdə də işləyə bilər.
Bu xüsusiyyətlər radarların hərbi, mülki və sənaye sahələrində yüksək performansla işləməsini təmin edir. İnkişaf edən texnologiya ilə radarların ayırdetmə qabiliyyəti, həssaslığı və məlumat emal qabiliyyəti durmadan artır. Beləliklə, radar sistemləri daha mürəkkəb və çətin tapşırıqları yerinə yetirməyə qadir olub.
Radarlar necə işləyir?
Radarların necə işlədiyi sualının cavabı əsasən radardan yayılan elektromaqnit dalğalarının obyektlərə dəyməsi və geri sıçraması prinsipinə əsaslanır. Radar sistemi müəyyən fasilələrlə qısa radio dalğaları göndərir və hədəf obyektlərdən əks olunan bu dalğaların əks-sədalarını qəbul edir. Gələn siqnallar arasındakı vaxt fərqi radarla obyekt arasındakı məsafəni hesablamağa imkan verir. Bundan əlavə, əks olunan dalğaların tezlik dəyişiklikləri obyektin sürətini təyin etmək üçün istifadə olunur.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
