Bu gün:

Rəqəmsal tullantılar: İstifadə olunmayan fayllar planetə və təhlükəsizliyə təhdid yaradır


Telefonlarımızın yaddaşında bir daha açılmayan şəkillər, illərlə oxunmayan poçtlar, “bəlkə lazım olar” deyə saxlanılan PDF faylları… Bu görünməz yığın texnologiya dünyasında “qara məlumat” (dark data) adlanır.

Beynəlxalq araşdırmalara görə, 2024-cü ildə saxlanılan rəqəmsal məlumatların 55%-i, 2025-ci ildə isə 60%-i aktiv şəkildə istifadə olunmayan fayllardan ibarət olacaq. Bu sakit kütlə təkcə yaddaş yerini zəbt etmir, həm də nəhəng məlumat mərkəzlərini yükləyir, enerji xərclərini artırır və kibercinayətkarlara fürsət yaradır.


Qara məlumat anlayışı ilk baxışda şəxsi fayl vərdişlərimizlə bağlı görünsə də, qlobal miqyasda vəziyyət narahatedicidir. Gecə-gündüz işləyən məlumat mərkəzləri və soyutma sistemləri dünya üzrə elektrik enerjisi istehlakının təxminən 1%-ni təşkil edir. Karbon izi hər il artır; elektrikə tələbat yüksəldikcə bərpa olunan enerji keçidi sürətlənsə də, emissiya balansı qoruna bilmir.

Avropa İttifaqı bu artan tələbi tənzimləmək üçün məlumat mərkəzlərinin effektivliyi ilə bağlı yeni direktivlər hazırlayır. ABŞ isə milyardlar dollarlıq yaşıl enerji sərmayəsi ilə karbon emissiyasını azaltmağa çalışır. Asiya-Sakit Okean regionu isə sürətli rəqəmsallaşma səbəbindən qara məlumatın ən sürətlə artdığı coğrafiya kimi öne çıxır.


Hakerlər üçün xəzinə

Rəqəmsal tullantılar təkcə enerji sərfiyyatını artırmır, həm də təhlükəsizlik baxımından böyük risk yaradır. Şəxsiyyət sənədlərinin surətləri, köhnə kredit kartı şəkilləri, “qeydlər” bölməsində saxlanılan şifrələr… Osman Demircan bildirir ki, “bunların hamısı qara məlumat sayılır və cihazımıza daxil olan hücumçu üçün xəzinə dəyərindədir”.

İstifadə olunmayan məlumatlar artıq nəzarətimizdə olmadığından və bəzən mövcudluğundan belə xəbərsiz olduğumuz üçün ciddi məlumat sızıntısı riski yaradır. Keçmişdə hər hansı bir səbəbdən göndərilmiş sənədlər, bank məlumatları, işlə bağlı sənədlər, telefonda saxlanılan şifrələr – bütün bu məlumatlar siber hücum zamanı ələ keçə bilər və dələduzluq, şantaj kimi məqsədlərlə istifadə oluna bilər.

Unudulmuş yüksək keyfiyyətli bir fotoşəkil masa üzərindəki kart məlumatlarını göstərə, köhnə bir e-poçt isə aktiv bank girişlərini ehtiva edə bilər. Bəzən illərlə açılmayan bir e-poçt hücumçular üçün gözlənilməz informasiya mənbəyinə çevrilir. Demircan əlavə edir ki, süni intellektlə hazırlanan saxta videolar (deepfake) da çox zaman köhnə foto arxivlərindən qidalanır. Şəxsi şəkillər şantaj vasitəsinə çevrilə, foto içindəki yer etiketləri və maşın nömrələri kimlik oğrularını asanlaşdırır.


Fayllar necə silinməlidir?

Qara məlumatı azaltmağın ilk addımı artıq lazım olmayan faylları müəyyən edib silməkdir. Ancaq Demircan xatırladır ki, “silmək” əslində yetərli deyil. Çünki əməliyyat sistemləri bu faylları sadəcə görünməz edir və məlumat bərpa proqramları ilə asanlıqla geri qaytarmaq mümkündür. Kritik məlumatlar olan disklərdə məlumatların tamamilə bərpasız şəkildə silinməsi və ya diskin fiziki olaraq məhv edilməsi tövsiyə olunur. Bundan başqa, etibarlı məlumat silmə proqramları, “maqnitlə məhv etmə” və ya “şifrəli formatlama” üsulları da istifadə edilə bilər. Risk səviyyəsi yüksəldikcə, cihazın tam fiziki məhv edilməsi ən təhlükəsiz yol sayılır.


Sosial media hesabları da təhlükəlidir

Qara məlumat təkcə cihazda saxlanılan fayllarla məhdudlaşmır. Demircanın fikrincə, ən təhlükəli sahələrdən biri artıq istifadə olunmayan sosial media və bulud hesablarıdır:

“İnsanlar yeni hesab açanda köhnəsini silmək əvəzinə onu elə belə buraxır. Hər hansı bir parol sızıntısında bu hesabları ələ keçirmək hakerlər üçün çox asandır. Əgər bu hesabların içində şəxsi məlumatlar, sənədlər və yazışmalar qalırsa, onlar artıq təhlükədədir”.


"Google Drive"da unudulmuş WhatsApp ehtiyat nüsxələri, illər əvvəl açılıb tərk edilmiş e-poçtlar və ya ikinci əl satılmış noutbuklar – hamısı şəxsi məlumatları yad əllərə ötürmək riski daşıyır.


Rəqəmsal təmizlik üzrə 5 addımlıq bələdçi:

1.    Fayl inventarlaşdırması aparın: İldə ən azı iki dəfə cihaz və bulud yaddaşınızı yoxlayın.

2.    Təhlükəsiz silmə proqramlarından istifadə edin: Vacib faylları sadəcə “sil” düyməsi ilə yox, məlumat silmə proqramları ilə məhv edin.

3.    Köhnə hesabları bağlayın: İstifadə etmədiyiniz sosial media, e-poçt və bulud hesablarını bağlayın.

4.    İkiqat ehtiyat nüsxə strategiyası: Vacib faylları həm şifrələnmiş xarici diskdə, həm də etibarlı buludda saxlayın.

5.    Parolları mütəmadi dəyişin: Hesab parollarınızı dövri olaraq yeniləyin və mümkün olduqda iki faktorlu identifikasiya tətbiq edin.



Mənbə: TRT Haber

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et