ABŞ-nin texnologiya nəhəngi Apple, iPhone və digər məhsullarının istehsalını böyük ölçüdə Çindən kənara, ABŞ bazarı üçün köçürdüyünü açıqlayıb. Şirkətin baş icraçı direktoru Tim Kuk bildirib ki, yaxın aylarda ABŞ-də satılacaq iPhone-ların əksəriyyəti Hindistanda istehsal olunacaq. Bu, Apple-ın istehsal zəncirini diversifikasiya etmək və Çin asılılığını azaltmaq istiqamətində atdığı mühüm addımlardan biridir.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp dövründə Çin məhsullarına tətbiq olunan gömrük tarifləri Apple-ın da istehsalını ABŞ-a köçürməsi üçün təzyiqlərə səbəb olub. Hazırda Çin yalnız qlobal bazar üçün istehsal mərkəzi olaraq qalacaq.
Apple qarşıdakı dörd il ərzində ABŞ-da 500 milyard dollar investisiya yatırmağı planlaşdırır. Şirkətin 2025-ci ilin birinci rübündə gəliri 95,4 milyard dollar təşkil edib – bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
Amazon-un rəhbəri Andy Jassy bildirib ki, tariflərlə bağlı qeyri-müəyyənliklərə baxmayaraq şirkət əvvəlki böhranlardan güclü şəkildə çıxıb və eyni uğuru yenidən təkrarlaya bilər. Bu dövrdə Amazon-un gəliri 9% artaraq 155,7 milyard dollara, mənfəəti isə 60%-dən çox yüksəlib.
Texnologiya analitikləri Apple-ın istehsalı Hindistana keçirməsini “təsirli addım” kimi qiymətləndiriblər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Mina Yadigarlı
