Bu gün:

Doğuşdan görmə məhdudiyyətli şəxslər şizofreniya yaşayır?


Doğuşdan görmə qabiliyyətindən məhrum olan şəxslərin şizofreniya diaqnozu almadığını eşitmək bir çoxları üçün təəccüblü ola bilər. Lakin alimlər bu maraqlı faktın arxasında duran səbəbləri araşdıraraq diqqətəlayiq nəticələr əldə ediblər. Məsələ yalnız sonradan baş verən görmə itkiləri ilə məhdudlaşmır; doğuşdan kor olan şəxslər arasında bu günə qədər heç kimə şizofreniya diaqnozu qoyulmayıb. Bu vəziyyətin səbəbi isə korluğun beyində yaratdığı fərqli inkişaf prosesləri ilə bağlıdır.

Araşdırmalara görə, doğuşdan görmə məhdudiyyəti olan şəxslərdə beyin inkişafı fərqli istiqamətdə gedir və bu da şizofreniyaya qarşı qoruyucu təsir göstərə bilər. Alimlər bildirirlər ki, bu, korluğun özü ilə deyil, korluğun nəticəsində baş verən neyrobioloji dəyişikliklərlə bağlıdır. Görmə təcrübəsinin olmaması beynin görmə mərkəzlərinin alternativ şəkildə formalaşmasına səbəb olur. Məsələn, doğuşdan kor olan şəxslərin beyin qabığı daha qalın olur, çünki görmə siqnallarının yoxluğu nəticəsində beyində normalda baş verən "sinaptik budama" prosesi zəifləyir.

Bəzi hallarda bu şəxslərdə sosial münasibətlərdə çətinliklər və savant sindromu kimi otizmə bənzər əlamətlər müşahidə edilə bilər. Lakin bu simptomlar şizofreniya ilə eyni deyil. Şizofreniya zamanı insan reallıq hissini itirir, halüsinasiyalar və həddindən artıq zehni interpretasiyalar yaşayır. Otizmdə isə düşüncə prosesi daha mexaniki və duyğu yönümlü olur. Tədqiqatçılar hesab edirlər ki, bu iki vəziyyət – otizm və şizofreniya – insan beyninin zehni fəaliyyəti baxımından bir-birinə zidd qütblərdə yerləşir.

Kor şəxslər vizual siqnalları qəbul etmədiklərindən, başqalarının emosional vəziyyətini və niyyətlərini göz hərəkətlərindən anlaya bilmirlər. Bu isə onların zehni çıxarsamalarında fərqli yanaşmalara səbəb olur. Lakin bu boşluq eşitmə və toxunma kimi digər duyularla kompensasiya edilir. Brayl əlifbasının oxunması üçün toxunma hissiyyatının yüksək inkişafı buna misal ola bilər. Bu cür güclənən hissiyat sistemləri şizofreniyaya səbəb ola biləcək həddindən artıq zehni fəaliyyətin qarşısını alır.

Görmə qabiliyyətinin olmaması, xüsusilə də doğuşdan etibarən, beynin daha sadə, lakin daha tarazlı şəkildə inkişaf etməsinə yol açır. Bu da beyində şizofreniyaya meyillilik yaradan bəzi zəif və ya həddindən artıq əlaqələrin formalaşmasının qarşısını alır. Alimlər bu prosesi “kognitiv ehtiyatın gücləndirilməsi” kimi qiymətləndirir və erkən yaşda başlayan görmə məhdudiyyətinin psixotik pozuntulara qarşı təbii bir qoruma mexanizmi ola biləcəyini düşünürlər.


Mənbə: Onedio 

Tərcümə etdi: Xavər Məmmədli

Paylaş
Şərh əlavə et