ABŞ-nin məşhur oyun şirkəti Epik Games-in "Fortnite" oyunu, gələn həftə ABŞ-nin iOS App Store mağazasına geri dönəcək. Bu qərar, Apple ilə Epik arasında dörd ilə yaxın davam edən məhkəmə mübahisəsindən sonra verilib.
Mübahisə 2020-ci ildə Apple-ın Epik Games-i App Store-dan silməsi ilə başlayıb. Səbəb isə Epik-in Apple-ın tətbiqdaxili ödənişlərdən aldığı 30%-lik komissiyanı keçmək üçün oyunda birbaşa ödəniş sistemini istifadəyə verməsi olub.
2021-ci ildə məhkəmə hakimi Yvonne Gonzalez Rogers qərara alıb ki, Apple, istifadəçiləri iOS xaricində ödəniş etməyə yönəldən linkləri tətbiqlərə yerləşdirməyə qadağa qoya bilməz.
Lakin 2025-ci ilin aprelində eyni hakim Apple-ın bu məhkəmə qərarını "qəsdən pozduğunu" elan edib. Şirkət, tətbiq inkişaf etdiricilərinə öz müştərilərini Apple komissiyasına tabe olmayan alternativ ödəniş üsullarına yönləndirməyə icazə verməli idi, lakin bu tələbi yerinə yetirməyib.
Bu qərardan sonra "Fortnite" yenidən App Store-a daxil ediləcək.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
