Kral III Çarlz digər xərçəng xəstələrinə şəxsi və səmimi mesaj göndərib. O, bu xəstəliyin həm xəstələr, həm də onların yaxınları üçün “qorxuducu və bəzən dəhşətli bir təcrübə” olduğunu bildirib.

Bukingem Sarayında xərçəng xeyriyyə təşkilatları üçün keçirilən tədbirdə oxunan mesajda Kral özünü “statistika”nın bir hissəsi adlandırıb – Birləşmiş Krallıqda hər gün 1000-dən çox yeni xərçəng halının qeydə alındığını xatırladaraq.
Kral deyib ki, xərçənglə yaşamaq təcrübəsi ona göstərib ki, “xəstəliyin ən qaranlıq anlarını ən böyük mərhəmət işıqlandıra bilər”.
Mesajda Kralın müalicəsinin gedişatı ilə bağlı dəqiq məlumat verilməsə də, saray mənbələri onun vəziyyətinin yaxşıya doğru irəlilədiyini bildirib. 2024-cü ilin fevralında xərçəng diaqnozu qoyulan Kral müalicəsini davam etdirir və onun uğurlu nəticələr verdiyi qeyd olunur.
Mart ayında müalicə ilə bağlı yan təsirlərə görə Kral qısamüddətli xəstəxana müalicəsi alıb, lakin apreldə İtaliyaya dövlət səfəri həyata keçirib və gələcəkdə daha bir neçə xarici səfər planlaşdırır.
Saray onun sağlamlığı ilə bağlı daha açıq və şəffaf olmağa çalışır və bu son mesaj da Kralın bu xəstəliklə mübarizə aparan saysız-hesabsız ailələrlə empati qurduğunu əks etdirir.
Kralın mesajında deyilir: “Amma bu statistikanın bir parçası kimi deyə bilərəm ki, bu həm də insanlığın ən yaxşı tərəflərini üzə çıxaran bir təcrübə ola bilər.”
Kral xərçəng xəstələrinə yardım edənlərə – həm insanlığı, həm də peşəkarlıqları ilə fərqlənənlərə – təşəkkür edib.
O, xərçəng xəstələrinə dəstəyin müxtəlif yollarına – xüsusi tibb bacısının izahı, hospisdə könüllünün tutduğu əl, dəstək qrupundakı paylaşım – diqqət çəkərək, bunların insan əlaqəsinin gücünü göstərdiyini vurğulayıb.
“Xəstələrin yolu müxtəlif ola bilər, amma siz birgə çalışaraq göstərirsiniz ki, xərçəng diaqnozu gələcəkdə ümid və dəstəksiz qalmaq demək deyil”, – deyə Kral bildirib.
Kral, 2022-ci ildə bağırsaq xərçəngindən vəfat edən Dame Debora Ceymsin məşhur sitatını xatırladıb: “Heç nədən peşman olmayın; və həmişə, həmişə üsyankar bir ümidiniz olsun.”
Dame Deboranın valideynləri Alistair və Heather Ceyms tədbirin qonaqları arasında olub və Kralın qızlarının son sözlərini sitat gətirəcəyini onlara tədbirdən cəmi bir neçə dəqiqə əvvəl bildiriblər.
Alistair BBC Breakfast verilişində bunun “tədbiri çox xüsusi etdiyini” deyib. Həyat yoldaşı Heather isə bunu “bir şərəf” adlandırıb. O, Kralın Deboranı “açıq-aşkar təbiət qüvvəsi” adlandırdığını qeyd edib.
Bukingem Sarayında keçirilən bu tədbir, xərçənglə yaşayan insanlara dəstək verən ictimai layihələrə və xərçəngin qarşısının alınması istiqamətində çalışan səhiyyə təşkilatlarına həsr olunub.
Tədbirdə Macmillan Cancer Support, Breast Cancer Now, Maggie’s və Children’s Hospice South West kimi təşkilatların nümayəndələri iştirak edib.
Sarayda “Wigs for Heroes” və “Move Dance Feel” kimi xərçəng xəstələrinə dəstək verən qrupların fəaliyyəti nümayiş olunub. İştirakçılar arasında xərçəng xeyriyyəçiləri, xərçəng xəstələri və yaxınlarını itirmiş şəxslər, o cümlədən radio aparıcısı Adele Roberts, keçmiş futbolçu Ashley Cain və aktyor Richard E. Grant də olub.
Macmillan Cancer Support təşkilatının rəhbəri Gemma Peters bildirib: “Hər gün xərçəngin insanların həyatına necə təsir etdiyini görürük və bəzi insanlar üçün bu təcrübə kim olduqlarına və harada yaşadıqlarına görə daha da çətin keçir. Bu, tamamilə qəbuledilməzdir. Biz xərçəngə qarşı tibbi xidmətləri dəyişmək istəyirik, amma bunu təkbaşına edə bilmərik.”
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
