Marks & Spencer böyük bir kiber hücumun təsirindən çıxmağa çalışarkən oxşar vəziyyətlərlə üzləşmiş şəxslər təcrübələrini bölüşür.
Sir Dan Moynihan rəhbərlik etdiyi 55 məktəbdən ibarət Harris Federasiyasının Revil adlı Rusiya haker qrupu tərəfindən hədəf alındığını deyir. Hakerlər 10 gün ərzində 4 milyon dollar tələb ediblər, əks halda isə məbləği 8 milyona qaldıracaqlarını bildiriblər. Hücum nəticəsində dərs planları, qeydiyyat sistemləri və hətta tibbi məlumatlar belə itirilib.
Qoyulan məbləği ödəmək əvəzinə federasiya peşəkarlarla əməkdaşlıq edərək vaxt qazanıb və sistemlərini yenidən qurub. Bu proses üç ay çəkib və 750 min funt sterlinqə başa gəlib.
Oxşar çətinliklərlə başqa qurumlar da qarşılaşıb. Gəlinlik dizayneri Catherine Deane şirkətinin Instagram hesabının oğurlanmasını “dağıdıcı” adlandırıb. London xəstəxanalarında isə Synnovis laboratoriyasına edilən hücum qan köçürməsi kimi xidmətlərdə ciddi problemlər yaradıb.
M&S hələlik rəsmi açıqlamalarda çox az məlumat verib, lakin sosial şəbəkələrdə özünü əməkdaş kimi təqdim edənlər daxili sistemlərin pozulduğunu və bəzi işlərin kağız üzərində aparıldığını bildiriblər.
Mütəxəssislər və digər şirkətlər bu hadisələri diqqətlə izləyir. Kibertəhlükəsizlik üzrə araşdırmalara görə, ötən il böyük şirkətlərin 74%-i kiber hücumla üzləşib. Rəqəmsallaşan dünyada belə hücumların daha da artacağı gözlənilir.
Mənbə:BBC
Tərcümə etdi: Leila Musaevi
